Köhnəlib – Məmməd Qədir

Məmməd Qədir

Məmməd Qədir

Köhnəlib

İşığım pərvanə çəkməz,
Könlümün şamı köhnəlib.
Dərdlər damır,sızır mənə,
Qəlbimin damı köhnəlib.

Təzə dərdlər köhnə canda,
Bir xislətdə,bir nişanda,
Duz qalmayıb göz yaşında,
Dərdin də tamı köhnəlib.

Qoyub qaçaq dərdimizi,
Haqlayacaq tapıb izi,
Təzələyər əcəl bizi,-
Köhnəlib,hamı köhnəlib…

 

Gilas ağacı

Əssalaməleyküm, gilas ağacı,
Ürəyin necədi, başın necədi?
Ey mənə babamdan miras ağacım,
Budağın neçədi, yaşın neçədi?

Ciyərin yanırmı xeyir verəsən,
Babamı,nənəmi yedirən ağac.
Bizə kölgəsində cənnət yaşadıb,
əslimi –nəslimi geydirən ağac.

Başına çıxana verdin barını,
Nə bezdin,nə də ki, həvəsdən düşdün.
Kəsib doğradılar budaqlarını,
Mürəbbən elə öz odunda bişdi.

Varını verdikcə pöhrələnirsən,
Əyil, qulağına sirr deyəcəyəm.
Dirin də, ölün də xeyirxah imiş,-
Sənə bundan sonra pir deyəcəyəm…

Oxunma sayı: 264

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir