Ey hörmətli müəllim! – Şəhriyyə

Şəhriyyə

Şəhriyyə

Keçmişdə qızına ali təhsil verən ata onu ərə verəndə qürurla, başucalığıyla deyirdi ki, “qızımın cehizi diplomudur”. Bu doğrudan da, belə qəbul olunurdu. Oxumuş gəlinin yeri başqa idi. Daha hörmətli, seçilən olurdu. Amma indi zəmanə elə gətirib ki, diploma fikir verən də yoxdur. Əksinə deyirlər:” Oxuyub nə etmisən ki? Guya milyon qazanırsan?” Bir dəfə həyat yoldaşım mənə dedi: ”Nə olsun ki, iki diplomun var? Bir diplom ki, sənə 150 manat maaş verir, cır tulla. Gəlib mənim yanımda fəhlə işləsən, ondan çox qazanarsan”. Əlbəttə, bu zarafatla deyilən bir fikir idi. Amma deyirlər ki, sözün düzün zarafatla deyərlər. Acı olsa da, bu, həqiqətdir.
Keçən dəfə bir yazı oxudum. Yazan bəy marketdə 300 manat əmək haqqı alan satıcıların halına acıyırdı. Halbuki o satıcılar ayın 15 gününü çalışan, ali savadı olmayan insanlardı. Zənnimcə, bu kateqoriyadan olan insanlar üçün bu qədər əmək haqqı yetər və artar belə. Amma nədənsə ali təhsilli müəllimlərin halına acıyan yoxdur – zehnini, gözünü və ən əsası əsəbini korlamaq müqabilində 100 manat əmək haqqı alan müəllimlər. Hələ fəhlə yerinə yer belləyənləri, qar təmizləyib özlərini alçaldanları demirəm. Hər küçədə bir idman meydançası, bir uşaq əyləncə parkı açılanda müəllimləri günün altında, yağışda küçələrə tökmələrini demirəm. Amma dedim. Hələ üstəlik verdikləri qəpik-quruş müqabilində müəllimlərdən xüsusi forma tələb etmələri insanı lap çilədən çıxardır. Sanki o formanın pulunu müəllimin əmək haqqından çıxmırlar. Deyəsən, “müəllim ordusu çoxdu” deyib onlara düşmən kəsilənlər də çoxdu. Yazarlar belə satıcılara daha çox acıyırlar, nəinki müəllimlərə. Bunun kökü haradan qaynaqlanır? Axı bütün insanlar müəllimlərə borcludular. Yəni biz insanlar borcumuzu beləmi tez unutduq???

Oxunma sayı: 613

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir