«

Apr 24

İtgin düşmüş Tanrı… – Əhməd Şamlunun şeirləri

Əlyazma.org Əhməd Şamlunun şeirlərini təqdim edir:

İstəmirdim…

 

İstəmirdim Çingizin adını biləm,

Nadirin adını bilmək istəmirdim.

Şahların adını –

Məhəmməd Xacənin və Teymurləngin,

istəmirdim əzənlərin

və əzilənlərin adını.

 

Sənin adını bilmək istəyirdim.

 

Və istədiyim tək bir adı

bilmədim.

 

 Gecəli

 

Əbədi Günəşlər arasında

sənin gözəlliyin –

bir lövbər.

Elə bir Günəş ki, qurtarar məni

bütün ulduzların parıltısına olan ehtiyacdan.

Baxışın

zülmü məğlub edər.

Elə bir baxış ki,

sevgidən bir paltar geyindirdi

ruhumun çılpaqlığına.

Və gözlərin mənə

sabahın bambaşqa bir gün olacağını

söylədilər.

Odur! O gözlər ki, mayasıdır sevginin.

Və budur! Sənin sevgin

bir silah ki,

öz taleyimlə pəncə-pəncəyə gəlim.

 

Günəşi üfüqün ötələrində sanmışdım.

Bir çıxış yolu yox idi vaxtsız gedişdən savayı,

bu cür sanaraq aldanmışdım.

 

Aida*

daşındırdı məni biryolluq getmək fikrimdən.

 

Əbədi Günəşlər arasında

sənin gözəlliyin –

bir lövbər.

Baxışın

zülmü məğlub edər.

Və gözlərin mənə

sabahın bambaşqa bir gün olacağını

söylədilər.

 

*Aida (əsl adı Rita Sarkisyan) – şairin üçüncü həyat yoldaşı

 

 

 Mənlə sən…

 

Mənlə sən bir ağızıq ki,

daha gözəl bir nəğmə oxuyuruq

bütün səsimizlə.

Mənlə sən bir cüt gözük ki,

öz baxışımızda daim

təzələyirik

dünyanı.

 

Bizi tutub saxlayan,

bizi həbs edən,

bizi geriyə baxmağa

vadar edən hər şeyə

nifrət –

bir əl ki,

cəsur bir xətt çəkir batilə.

 

Mənlə sən bir coşğuyuq

bütün şölələrdən daha yüksək,

məğlubiyyət heç vaxt qalib gəlməz bizə.

Nədən ki, eşq

dəmirdən edib bədənimizi.

 

Və damımıza sığınıb yuva qurmuş qaranquş

tələskənliklə gedib-gələrək,

itkin düşmüş bir Tanrıyla

doldurur

evimizi.

 

 Müqəvva

 

Yerində dayanan müqəvva gərək

bu qatran gecədə, gizli bucaqda.

Heç gözü yoxsa da, o sanki görsün,

eşitsin, qulağı heç olmasa da.

 

Kökü olmasa da, dayansın möhkəm,

yerindən baltayla o qopsun ancaq.

Dərinə kök atmış qoca qoz kimi

qışqırsın: mənimdir, mənim bu torpaq.

 

Gecə yoldan keçən bir oğru onu

gizlənmiş bir kölgə sansın ürkərək.

Qorxudan içinə çəksin nəfəsin

müqəvva olduğun anlayanadək.

 

Orda bütün gecə öz boşluğuyla

üz-üzə dayanıb sussun bir nəfər.

Onun nə etdiyin anlamasınlar,

məşəl də yaxsalar yoldan keçənlər.

 

Yol yoldaşlarının nəğməsi

 

Yolayrıcında

bir qala vardı.

Bir kərpic ay işığından,

bir kərpic daşdan.

 

Yolayrıcında

bir qala vardı.

Bir kərpic sevincdən,

bir kərpic savaşdan.

 

Yolayrıcında

bir qala vardı.

İki kərpic göz yaşından,

iki kərpic gülüşdən.

 

Yolayrıcında

bir qala vardı.

Üç kərpic çaqqaldan,

bir kərpic quşdan.

 

İki kabus

 

Köklər torpaqda,

köklər suda,

köklər fəryadda.

 

Gecə doludur səssizlik ruhlarıyla

və ruhları qovan,

ruhları uzağa,

əlçatmaza

qovalayan əllərlə.

 

– Qaranlıqda iki kabus

rəqs edib yorğunluğun sərhədlərinədək.

– Biz rəqs etmişik,

biz rəqs etmişik yorğunluğun sərhədlərinədək.

– Qaranlıqda iki kabus

ovsunlu bir rəqsdə bir də sərgiləyib yorğunluqları.

– Biz rəqs etmişik,

biz bir də sərgiləmişik yorğunluqları.

 

Gecə doludur

səssizlik ruhlarıyla,

köklər

fəryadla,

rəqslər

yorğunluqla.

 

Arabalar

 

Arabalar gəlib cahanın o yanından.

Zamanımızın qulaqlarını doldurmuş

dəmir səs-küyü salmadan.

 

Arabalar gəlib zamanın o yanından.

 

Aclar qalxmadılar yerlərindən.

Çünki isti çörək ətri qalxmırdı

arabaların yükündən.

 

Lütlər qalxmadılar yerlərindən.

Çünki paltarların xışıltısı qalxmırdı

arabaların yükündən.

 

Dustaqlar qalxmadılar yerlərindən.

Çünki arabaların yükü

nə dar ağacıydı, nə də azadlıq.

 

Ölülər qalxmadılar yerlərindən.

Çünki ümid yox idi araba sürücülərinin

mələklər olduğuna.

 

Arabalar gəlib cahanın o yanından.

Zamanımızın qulaqlarını doldurmuş

dəmir səs-küyü salmadan.

 

Arabalar gəlib zamanın o yanından

özləriylə bir ümid gətirmədən.

 

Nə ədalətliydi, nə də gözəl…

 

Nə ədalətli, nə də gözəl idi

dünya

biz səhnəyə çıxmazdan öncə.

 

Əlçatmaz ədaləti düşündük

və gözəllik

vücuda gəldi.

 

Doğuluş

 

Qəfildən

eşq

Günəştək

niqabını açdı.

Və qapıyla dam

işartı səsiylə

dolub-daşdı.

Şimşəksayağı parıltı

azalıb yox oldu

və insan

ayağa durdu.

Oxunma sayı: 7

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4270

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və attributlarından istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>