V.S. Naipaul – Kişi adam

Əlyazma.org Trinidad əsilli ingilis yazıçısı Vidiadhar Surajprasad Naipaulun “Kişi adam” hekayəsini təqdim edir.

Miguel küçəsində yaşayan hər kəs Kişi adamın dəli olduğunu söyləyirdi, buna görə də heç kim ona baş qoşmazdı. Amma mən onun dəli olduğuna əmin deyildim, ondan da artıq dərəcədə dəli insanlar olduğunu düşünürdüm.

Dəliyə oxşar tövrü yox idi. Orta boylu, çəlimsiz bir adamdı, çirkin də deyildi. Adama bir dəlinin baxdığı kimi baxmırdı, söhbət zamanı adama məntiqli cavablar verirdi.

Amma bəzi dəyişkən vərdişləri vardı.

Bütün seçkilərə – bələdiyyə seçkilərinə və qanunvericilik şurasının seçkilərinə qatılırdı, bölgədəki bütün divarlara plakatlarını yapışdırırdı. Bu plakatlar yüksək keyfiyyətli plakatlar idi. Üstündə eləcə “səs verin” yazırdı, altında da Kişi adamın şəkli olurdu.

Hər seçkidə üç səs toplayırdı. Bax, bunu anlaya bilmirdim. Məlum, Kişi adam özünə səs verirdi, bəs qalan iki səs kiminki idi?

Hatdan soruşdum.

-Vallah, mən də bilmirəm. Kim bilir? Bəlkə də hansısa iki eşşək bununla məzələnir. Amma bunu hər dəfə təkrarladıqlarına görə bu eşşəklər doğrudan da komikdirlər. Onlar da Kişi adam kimi zır dəlidirlər.

Uzun müddət Kişi adama səs verən o iki adamın kimliyi haqqında düşündüm. Nə vaxt əcaib bir iş tutan adam görürdümsə, dərhal ağlıma gəlirdi ki, yəqin o dəliyə səs verənlərdən biri də budur.

Bütün şəhər bu iki adamın sirrini çözməklə məşğul idi.

Kişi adam heç yerdə işləmir, heç bir işlə məşğul olmurdu. Amma bekar da sayılmazdı. Beynini sözlərlə məşğul edirdi, xüsusən də sözləri yazmaqla gününü keçirirdi. Bəzən bir sözü yazmağa bütöv bir gününü həsr edirdi.

Bir gün Miguel küçəsinin tinində onunla rastlaşdım. Hara gedirsən, oğul? – deyə soruşdu.

-Məktəbə, -deyə cavab verdim.

Kişi adam məni ciddi tövrlə bir xeyli süzüb lağ edirmiş kimi: – Həə, deməli, məktəbə gedirsən, – dedi.

-Hə, məktəbə gedirəm, – təkrarladım. Sonra fərqinə vardım ki, Kişi adamın düzgün və gözəl aksentli ingiliscəsini təqlid etmişəm.

Bu, Kişi adamın bilinməyən tərəfi idi. Yəni aksenti. O danışarkən gözlərini yumsan, yüksək sinifdən olan bir ingilisin danışdığını zənn edərsən.

Kişi adam öz-özünə danışırmış kimi: – deməli, balaca dəliqanlı məktəbə gedir – dedi.

Sonra məni unudub cibindən uzun bir təbaşir çıxartdı və səkinin üstünə nəsə yazmağa başladı. Böyük bir O hərfi yazıb içini doldurmağa başladı, sonra K və U yazdı. Daha sonra bir neçə U yazdı. Hər birini də əvvəlkindən xırda yazırdı. U dalınca U yazırdı.

Mən günorta yeməyinə evə qayıdarkən o, artıq Fransız küçəsinə keçmiş, asfaltın üzərinə durmadan U yazırdı. Əlində də bir bez parça vardı, xoşuna gəlməyəndə pozub yenisini yazırdı.

Günortadan sonra tini dönüb yenidən Miguel küçəsinə qayıtmışdı.

Evə gedib məktəb geyimimi soyunub paltarımı geydim və küçəyə çıxdım.

İndi də Miguel küçəsini yarılamışdı.

-Hə, balaca, bu gün məktəbə getdinmi? – deyə soruşdu.

-Hə, – dedim.

Ayağa qalxıb çiyinlərini dartdı.

Təkrar çöməldi və qocaman bir L hərfi cizdi və yazdığını bəyənərək yavaş-yavaş içini doldurmağa başladı.

İşini bitirib qalxdı və dedi:

-Sən öz işini gör, mən də öz işimi.

Kişi adama “xokkey oynamağa gedirəm” desən, “XOK” yazacaq və gözü təkrar sənə sataşanda isə “KEY”i əlavə edəcək.

Bir gün Miguel küçəsinin başındakı böyük kafeyə girdi və masa arxasında oturmuş müştərilərin üstünə it kimi hürməyə başladı. Əlləri tüklü, portəgizli və cüssəli adam olan kafe sahibi “Kişi adam, başımı bəlaya salmadan çıx get burdan” dedi.

Kişi adam eləcə gülürdü. Onu çölə atdılar.

Ertəsi gün kafenin sahibi işə gələrkən kafe qapılarının açıq olduğunu gördü. Kimsə gecə içəri soxulubmuş. Amma heç bir şey oğurlanmamışdı.

Hat belə demişdi:

-Kişi adamın beynini xarab eləməyin. O, heç nəyi yaddan çıxarmır.

O gecə hadisə təkrarlandı və qapılar yenə açıq idi.

Kafeyə ertəsi gecə də girildi, bu dəfə taburetlərin, masaların üstü nəcisə bulaşmışdı.

Kafe sahibi həftələrlə dilə-dişə düşdü, lağ hədəfinə çevrildi. Uzun müddət kafeyə heç kim getmədi.

Hat “Gördün, sənə dediyim düz çıxdı. Bu adama çox baş qoşmayın. Belə insanlar doğrudan da bir bəladır. Allah onu belə yaradıb” dedi.

Bu cür işləkləri üzündən hamı Kişi adamdan uzaq gəzirdi. Yeganə dostu qulaqları qara xallı ağ küçük idi. Küçük də Kişi adama oxşayırdı. Fərqli bir küçük idi. Heç vaxt hürməz, sənə tərəf baxmazdı, sən dönüb ona tərəf baxanda başını başqa səmtə çevirirdi. Başqa küçüklərlə də yoldaşlıq etməzdi. Hansısa köpək ona yaxınlaşmaq istəsə ya dalaşmaq məqsədilə üstünə mırıldansa, Kişi adamın küçüyü ona sakitcə qınayıcı bir baxış atır, arxasına baxmadan dönüb uzaqlaşırdı.

Kişi adam itini, iti də onu sevirdi. Onlar bir-birləri üçün yaranmışdı. Kişi adam bu it olmadan yaşaya bilməzdi. Kişi adam bu itin bağırsaqlarına da nəzarət edirdi.

Hat: – Heç anlaya bilmirəm. Bu necə olur? – demişdi.

Hər şey Miguel küçəsindən başladı. Bir gün sübh tezdən qadınlar gördülər ki, gecədən qurumaq üçün asdıqları paltarlar itin ifrazatına bulaşıb. Aydım məsələdir, bu bulaşıq paltarlardan, çarşablardan onlar bir daha istifadə etməyəcəkdi. Kişi adama dedilər, o da sevinə-sevinə gəlib bu paltarları yığıb apardı.

Kişi adam həmin paltarları aparıb satırdı.

Hat düşünürdü ki, bu adam doğrudanmı dəlidir ya özünü dəliliyə vurub?

Miguel küçəsində baş verənlərin sorağı hər yerə yayılmışdı və adamlar onlara da zərər toxunacağından qorxurdular.

Biz bu küçədə bir az da onunla qürur duymağa başladıq.

Nə oldu, nə olmadı, bilmirəm, Kişi adam yaxşı adama çevrildi. Bu bəlkə də də itinin ölümüylə bağlıydı. Küçük yoldan keçən maşının altında qalıb, Hatın dediyinə görə azca çabalayandan sonra canını tapşırıb.

Kişi adam günlərlə çaşqın vəziyyətdə, nə etdiyini bilməyən adamlar kimi gəzib dolaşdı.

Artıq səkilərin üstünə yazılar yazmırdı. Nə mənimlə, nə də məhəllədəki uşaqlarla danışmırdı. Qızdırmalı adamlar kimi titrəyir, özü özüylə danışırdı.

Bir gün hamamda çimib çıxdıqdan sonra Tanrını gördüyünü söylədi.

Çoxumuz çaşıb qalmışdıq. O günlərdə İspaniya limanında, hətta Trinidadda Tanrını görmək çox yayğın idi. Bunu Fuente Qruvdakı sehrli masajist Quanes Pundit başlatmışdı. O da Tanrını görmüşdü və “Tanrının mənə anlatdıqları” adlı bir kitabça çap etdirmişdi. Sayı az olmayan masajistlərdən də bir çoxu, bir neçə fırıldaqçı sehrbaz da eyni şeyi iddia edirdilər. Tanrı ortalıqda olduğu üçün Kişi adam da onu görə bilərdi.

Kişi adam Miguel küçəsinin tinində, Marinin dükanının talvarı altında vəəz etməyə başladı. Hər şənbə axşamı o camaatı başına yığıb moizə oxuyurdu. Saqqalını uzatmış, əyninə uzun bir cübbə geyinmişdi. Əlində İncil qaz lampasının altında vəəz edirdi. İnsanlara nüfuz etməyi bacaran vaiz idi. Qadınları ağladırdı və insanları elə bir hala gətirirdi ki, Hat qayğılanmağa başlamışdı. İncili sağ əlində tutur, sol əliylə üstünə xəfifcə vurur və mükəmməl ingilis aksentiylə bunları deyirdi: “Bir neçə gündür Tanrıyla danışıram və onun mənə sizinlə bağlı dedikləri heç də ürəkaçan deyil. Bu aralar siyasətçilər adanın özünü təmin edəcək bir vəziyyətə gəlib çatdığını deyib dururlar. Dünən axşam Tanrı bilirsinizmi mənə nə dedi? Tanrı mənə bunları dedi: – Kişi adam, gəl bu insanların halına bax. Mənə kişilərin arvadlarını, arvadların da ərlərini yediyini göstərdi. Mənə atanın oğlunu, ananın qızını yediyini göstərdi. Mənə qardaşın qardaşı yediyini göstərdi. Baxın, siyasətçilərin ada haqqında anlatmaq istədikləri əslində budur. Ancaq, qardaşlarım, Tanrıya dönmək üçün hələ zamanınız var”.

Hər şənbə onun vəəzini dinlədikdən sonra axşam gözümə kabuslar görünürdü. Çox qəribəydi, Kişi adam insanları nə qədər çox qorxudurdusa, onlar daha artıq səylə onun vəəzlərini dinləyirdilər və ona əvvəlkindən daha çox əşya verirdilər.

Həftə boyunca ağ cübbəsiylə ortalıqda dolanır, yemək dilənirdi. İsanın əmrlərini yerinə yetirdiyini və bütün əlində olanları dağıtdığını deyirdi. Uzun qara saqqalını, nüfuzedici parlaq gözlərini görüncə heç kim imtina etmirdi. Daha mənə diqqət yetirmir, “deməli, məktəbə gedirsən” deyə soruşmurdu.

Məhəllə adamları bu dəyişikliyin hardan qaynaqlandığını anlaya bilmirdilər. Kişi adamın doğrudan da dəli olduğunu düşünüb özlərinə təsəlli verirdilər. Ancaq məncə, onlar da Kişi adamın dəli olduğuna tam əmin deyildilər.

Sonra baş verənlər isə gözlənilməz deyildi.

Kişi adam özünün yeni Məsih olduğunu elan etdi.

Bir gün Hat gəlib: – bu son hadisələrdən bir şey anladınızmı? – deyə soruşdu.

-Hansı hadisələrdən? – soruşduq.

-Kişi adamın hoqqalarından. Bu yaxında çarmıxa çəkiləcəyini deyir.

-Kimsə toxunmaz ona. Hər kəsin ödü qopur, – dedi Eduard.

Hat dedi ki, bu gedib özü özünü çarmıxa çəkmək istəyirmiş, fikrindən keçir ki, bir cümə Blue Basinə gedib özünü xaça bağlasın və insanlar da onu daşa bassınlar.

Kimsə qəhqəhə çəkdi, deyəsən Errol idi. Amma başqalarının gülmədiyini görüb susdu.

Nə qədər narahat olsaq da, Kişi adam bizim məhəllədən çıxıb deyə onunla qürur duyurduq. Dükanlarda, kafelərdə, bəzi evlərin qapılarında Kişi adamın çarmıxa çəkiləcəyi ilə bağlı elanlar görünməyə başladı.

Hat: – Blue Basin yaman qələbəlik olacaq, – dedi və sonra əlavə elədi: – Polislər tökülüşəcək.

O gün sübh tezdən, dükanlar açılmamış, Ariapita meydanında trolleybuslar görünməmiş Miguel küçəsinin tinində böyük bir kütlə toplaşdı. Adamlar qaraya bürünmüşdü, təkcə qadınlar bəyaz libasdaydı. Dualar oxuyurdular. İyirmiyə yaxın polis vardı, onlar dua oxumurdular.

Kişi adam ortalıqda göründü, çəlimsiz və müqəddəs görünüşü vardı, qadınlar onun cübbəsinə toxunmaq üçün əyilir, ağlaşırdılar. Polis hər an müdaxilə edə bilmək üçün hazır vəziyyətdə idi. Kiçik yük maşınında taxtadan düzəldilmiş böyük bir xaç gətirdilər.

Hatın çox bədbəxt görünüşü vardı. “Kibritlik odundandır. Ağır deyil. Olduqca yüngüldür” dedi.

Eduard qəfil ortalığa atılıb qızğınlıqla: – Necə yəni? Can, bədən bu qədər önəmlidirmi? – deyə qışqırmağa başladı.

Hat: – Mən bir şey demirəm, – dedi.

Bir neçə adam xaçı maşından endirib Kişi adama verəcəkdi, o, adamları durdurdu. Səhərin erkən saatlarında ingilis aksenti qulaqlarda möhtəşəm səslənirdi: – Buraya yox. Blue Basinə aparın.

Hat özünü itirdi.

Blue Basinə, İspaniya limanının quzey qərbində yerləşən dağlardakı şəlaləyə doğru yürüməyə başladıq. İki saatlıq yolu qət etdik. Kişi adam xaçı daş-kəsəkli cığırla Basinə qədər özüylə daşıdı.

Bir neçə adam xaçı qaldırdı və Kişi adamı xaça bağladılar.

Kişi adam: – Qardaşlarım, məni daşa basın! – dedi.

Qadınlar ağlayır, onun ayaqlarına torpaq, çınqıl daşı atırdılar.

Kişi adam inləyir, “Müqəddəs Ata, onları əfv et. Nə etdiklərini bilmirlər” dedi və “Qardaşlar, məni daşa basın!” deyə bağırdı.

Yumurta böyüklüyündə daş sinəsindən dəydi.

Kişi adam: – Daşlayın, daşlayın, qardaşlar, daşlayın məni! – deyərək ağlayırdı.

Eduard: – Bu adam doğrudan da çox cəsur adamdır, – dedi.

İnsanlar Kişi adamın üzünü və sinəsini daşa basdılar.

Kişi adam son dərəcə üzgün və çaşqın vəziyyətdə idi. “Nə baş verir burda? Ay millət, siz neylədiyinizi bilirsiniz? Tez məni burdan endirin, tez, mənə o daşı atan fahişə uşağının canını alacağam” deyə hayqırdı.

Eduard, Hat və o birilərinin olduğu yerdən baxanda onun ağladığını açıq-aşkar görmək olurdu.

Bu dəfə daha böyük bir daş atdılar, qadınlar ona torpaq və çınqıl daşları atmaqda davam edirdi.

Kişi adam: – Qurtarın bu axmaqlığı. Buraxın deyirəm sizə. Bu səfehliyi buraxın, deyirəm sizə! – bağırmaqdaydı. Sonra bir az da ucadan elə bir küfr elədi ki, insanlar çaşbaş qaldı.

Polis Kişi adamı qandalladı. Onu həbs etdilər. Və ömürlük cəza.

Sim-sim.az

Oxunma sayı: 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir