«

»

Apr 17

Ağla sığmayanın sərhədi – Milan Kundera

Əlyazma.org Milan Kunderanın “İdilliya, Dəhşətin qızı” və “Ağla sığmayanın sərhəddi nəzarətsizdir” esselərini təqdim edir:
  Hadisələr  ikinci dünya müharibəsinin sonlarına doğru Polşada baş verir. Varşavadakı böyük psixiatriya xəstəxanası Tvorkidən– bilinməyən aspektdən tarixin ən çox bilinən dövrünə, nəzər salınır. Məqsəd  nəyin  bahasına olursa-olsun azad, sərbəst olmaq deyildi? Əksinə, bu qaranlıq dövrdə gizlənməyə deşik axtarmaq ən ağlabatan  işiydi.  Bir tərəfdə dəhşət, digər tərəfdə sığınacaq axtarışı.
  Xəstəxananı almanlar (Bu almanlar vəhşi faşistlər deyil, romanda boş yerə şablon mövzular axtarmayın)  idarə edir. Bir neçə polşalı gənc xəstəxanada mühasib işləyir. İçlərində saxta pasportlu yəhudilər də var. Elə ilk andan etibarən incə bir nüans diqqətimizi cəlb edir: Bu gənclər zəmanə gənclərinə bənzəmirlər. Ədəbli, utancaq və bacarıqsızdılar. Yaxşı işlər görməyə sadəlövhcəsinə can atırlar. Hər bir gənc kimi onlar da nakam eşq macərası yaşayıblar.  Ancaq qısqanclıq, həsəd kimi hisslər  onların “məsum eşq”lərinə xələl gətirməyib, sevgiləri nifrətə çevrilməyib.
  Görəsən, o dövrün gənclərini müasir gənclikdən bu qədər fərqləndirən nə idi? Aralarındakı yarım əsrlik vaxt? Mən bu fərqliliyi başqa bir səbəblə əlaqələndirirəm. Onların yaşadığı idilliya dəhşətin qızı idi, gizli və hər an mövcud olan, hər an pusquda dayanan dəhşətin. Burada “şeytani paradoksallıq” var: Bir cəmiyyət (məsələn: bizim cəmiyyətimiz) səbəbsiz yerə hər yana dəhşət saçır və pis əməllər törədirsə bunun ən böyük səbəbi həqiqi pislik təcrübəsinin, bütün pisliklərin hakim mövqedə olduğu təcrübənin əskikliyidir. Çünki tarix nə qədər mərhəmətsiz olsa, pənah apardığımız dünya bir o qədər gözəl görünür. Bir vəziyyət nə qədər adidirsə, bir o qədər mürəkkəb və həyati məsələlərlə əlaqəlidir.
  Romanda  sözlərin nəqarət kimi təkrarlandığı, təhkiyənin könül oxşayan bir nəğmətək insanı xəyallara daldırdığı səhifələr var. Bu musiqi, bu şeir hardan  qidalanır?  Həyatın konkret, gündəlik həqiqətlərindən, ağlımıza gələ biləcək ən adi şeylərdən. Jurek Soniyaya aşiqdir, eşq gecələrindən çox bəhs edilmir, ancaq Soniyanın oturduğu yelləncək  ən xırda təfsilatı ilə təsvir edilir. “Yellənməyi niyə bu qədər çox sevirsən”, deyə Jurek soruşur. “Çünki…  izah etmək çox çətindir.  İndi aşağıda olduğum halda, sonra qəfildən ən yuxarıda oluram. Daha sonra əksinə”.  Jurek bu təsirli etirafı dinləyir və heyranlıqla “Soniyanın ayaqqabılarının açıq qəhvəyi dabanlarına”, yerə, “ağacların zirvəsindəki yarpaqlara”, yuxarıya baxır, sonra “burnun ucuna, endikləri” yerə, aşağıya baxır, hər dəfə eyni heyranlıqla baxır və unutmur.
  Romanın sonuna yaxın Soniya çıxıb gedir. Bir vaxtlar Tvorkiyə kövrək idilliyasını yaşamaq üçün qaçmışdı. Soniya yəhudidir. (Bunu heç kim bilmir, oxucu belə) Onun yəhudi olduğunu heç kim bilmədiyi halda, özü-özünü xəstəxana rəhbərliyinə təslim edir. Xəstəxananın  müdiri dəhşətə gəlir və qışqırır: “Dəlisiniz siz,  dəlisiniz”.  Alman müdir qızı xilas etmək üçün onu dəli hücrəsinə salmağa belə razıdır. Ancaq Soniya öz dediyindən dönmür. Onu növbəti dəfə gördüyümüz vaxt, artıq cansızdır. “Soniya uca bir qovaq ağacının budağından asılmışdı, Soniya yellənirdi, Soniya asılmışdı”.
  Bir tərəfdə həyatın qovuşulan, bahalaşan, nəğmələnən  idilliyası, digər tərəfdə asılmış gənc qız.
  Ağla sığmayanın sərhəddi nəzarətsizdir
  XX əsrin  roman səmasını iki böyük ulduz işıqlandırmışdı: Xəyallar aləmi ilə real dünyanı bir-birinə qarışdıran magik realizmin ulduzu və ekzistensializm ulduzu. Kafka bu iki ulduzun yazıçılarını və manifestlərini nə gördü, nə də tanıya bildi. O, çox tez öldü. Maraqlıdır ki, yazdığı romanlarla bu iki estetik inqilabı qabaqladı. Daha maraqlısı budur ki, bunları bir-birinə bağladı, vahid bir estetikada birləşdirdi.
  Balzak, Flober və Prustun əsərlərində real olmayan, hər hansı mistik bir təsvir estetik baxımdan yersiz görünür. Halbuki, romançı obyektivini ekzistensial problemə tuşlayanda vəziyyət dəyişir. Oxucu üçün real dünya yaratmağa məcbur olmur. Artıq yazıçı danışdığı əhvalatı real hadisə kimi göstərməməkdə sərbəstdir. Üstəlik, fövqəladə hallarda qəhrəmanlarını qəsdən reallıqdan uzaq bir dünyaya aparmağı daha sərfəlidir.
  Ağla sığmayan (reallığa bənzəməyən) estetikanın sərhəddini Kafka keçdi. Kafkadan sonra bu sərhəd polissiz və gömrüksüz qaldı, sərhədlər əbədi olaraq açıldı. Bu, roman tarixində əlamətdar hadisə oldu və bu mövzunun səhv başa düşülməməsi üçün mən bu ədəbi inqilabın banisinin XIX əsr Alman romantiklərinin deyil, Kafkanın olduğunu söyləyirəm. Onların obrazlı fantastikalarının mənası başqaydı. Yəni, real həyatdan uzaqlaşmışdı, başqa bir dünya axtarışındaydı, roman sənəti ilə elə də çox əlaqəsi yox idi. Kafka romantik deyildi. Novalis, Tik, Arnim və  E.T.A. Hofmanndan o qədər də xoşu gəlmirdi. Arnimə heyran olan Bretondu, Kafka yox. Kafka dostu Brodla birlikdə Floberi fransız dilindən hərisliklə oxudu. Onu tədqiq etdi. Kafkanın müəllimi böyük müşahidəçi Floberdir.
  Reallıq nə qədər diqqətlə və inadkarlıqla tədqiq edilərsə hər kəsin onun barəsində düşündüyü fikrə cavab vermədiyi  o qədər asan başa düşülür.  Reallıq Kafkanın həyata baxışında daha mənasız, ağıldankənar və həqiqətdən uzaq şəkildə özünü göstərir. Kafkanı və ondan sonra gələn böyük romançıları reallığa bənzəməyin sərhədlərindən uzaqlaşdıran real dünyaya uzun-uzadı baxan bu maraqlı (Kafkayaxas) baxışdır.
artkaspi.az

Oxunma sayı: 4

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4252

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və attributlarından istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>