«

»

Apr 16

Özgə Qadın – Qəşəm Nəcəfzadə

Ey uzaqda dizini qucaqlayıb ağlayan, qadın, Bir dəfə tanımadın pəncərəmı, qapımı. Sən öyrətdin mənə sevməyi, sevilməyi, Sən xoşbəxt elədin evimdəki qadını.

Özgə qadın

Hər kişi,

Özgə qadından yüyürür evindəki qadına

Yüyürür, döşənir ayaqlarına.

Özgə qadından öyrənir necə

sevmək olar qadını,

O qadından öyrənir hətta çiçək almağı.

Ana olur, yar olur özgə qadın adama,

Üst-başında gəzdirir əlinin tumarını.

Soruşur çarpayını, de, hansı otaqdadı,

Pəncərə önündədir, ya qaranlıqdadı?

Qayğı kimi ələyir başına sualları:

De, neçədə yatırsan, de, neçədə durursan?

Mən verdiyim ətri harada saxlayırsan?

Köynəyinin yaxası niyə qırış-qırışdı?

Saçında ağaran tel mənə necə tanışdı…

Təzə şeir yazmısan? Ver üzünü köçürüm?

Bu gün sənə çayı da qoy mən özüm içirim.

Başdan-ayağa süzür səni bir ana kimi,

İlıq baxışlarıyla çəkir sənin şəklini.

İşıq verir gözünə,

Sevgi axır qanına,

Baxışları nur kimi çiçəklənir üzündə,

Bir qız heykəli doğur sənin düymə gözündə,

Ilahi baxışların altında sən süzürsən.

Uça-uça , qaça-qaça öz evinə gəlirsən,

Arvadın baxıb deyir:

– nə gözəl görünürsən?

Amma bilmir ki, səni belə gözəl eyləyən,

Ömür boyu axtardığı qadındı.

Sevgi şeirlərini, köhnə məktublarını

Tonqal kimi yandırdığı qadındı.

O günü qayçı ilə sənin şəkillərindən

Qadınları

Kəsib, kəsib doğradığı qadındı.

Ey uzaqda dizini qucaqlayıb ağlayan, qadın,

Bir dəfə tanımadın pəncərəmı, qapımı.

Sən öyrətdin mənə sevməyi, sevilməyi,

Sən xoşbəxt elədin evimdəki qadını.

Özgə qadın, içində ağlayarsan sən məni,

Gör neçə illərdi səni çöldə qoymuşam.

Heç bilmirəm yasıma necə durub gələrsən?

Ağrılar uyuyanda, göz yaşı soyuyanda,

Gecə ilə gələrsən, gecə ilə gedərsən.

Atlar

Televiziyada at saxlayan dedi ki, atları saxlamaq çətindi, böyük xərc tələb edir, kəsib ətini xarici ölkələrə ixrac edəcəyik.

Buraxın atı getsin atın yanında ölsün,

Buraxın atı getsin otun yanında ölsün,

Buraxın atı getsin itin yanında ölsün.

Amma kəsməyin qanadlı atları,

Oxşama, bayatı atları.

Buraxın meşəyə, dağa,

Azsın, gəlməsin,

Elə azdırın onu amma özü bilməsin,

Qoy atı şir yesin, şir parçalasın,

Göydə qartal qıy çəksin,

Yerdə çaqqal ulasın,

Amma qəssab əlində ölməsin kəhər atlar.

Axşam tək sinər atlar, açılar səhər atlar.

Atları kəsdinizmi qanadı yerə enməz,

Otlar at qanı görsə, bir də örüş göyərməz.

Dəryadan at çıxmaz, bir də at bizə gəlməz,

Kəsməyin, nə olar kəsməyin atları,

Qaşqa atları, səkil atları,

Qır atları, dür atları,

Göy otları, göy atları,

Qanadları, buludları,

Kəsməyin, nə olar, kəsməyin.

Atları vurun çaya, çayda boğulub ölsün,

Ucu şiş qayalardan uçub yıxılıb ölsün.

Üzəngisi qırılsın,

Yəhər dağılıb ölsün,

Yüyürüb qaranəfəs suyu içəndə ölsün,

İlxı içində ölsün, oba köçəndə ölsün.

Qəssab əlində ölməsin göy, kəhər atlar,

Ağ, kürən, atlar, qırmızı, çil, boztəhər atlar.

Əzizim, tər içində atlar çırpınar, ölləm,

Bədənimdən ağ qaçar, qara çırpınar, ölləm.

Gözlərimin qarası at kimi çapar, ölləm,

Huş kimi torpağa düşəndə yəhər, ölləm,

Tutar boğazımı yüyən tək qəhər, ölləm.

Kəsməyin, atları, kəsməyin,

Kəsməyin, muradları, kəsməyin.

Atlar kəsiləndə hey daylar, dayçalar ağlar,

İçində su saxlayan kasa çalalar ağlar.

Qarnında, sinəsində duman alalar ağlar,

Kənd atlar, qoşma atlar, nağıl, gəraylı atlar,

Tapqırlı, quşqunlu, qırmızı yallı atlar.

Ay əzizim, gözlərimə qan çilənib

Bu çəkdiyim naladan.

Qoy gözlərim görməsin

Kəhər atlar

yıxılanda havadan.

edebiyyatqazeti.az

Oxunma sayı: 2

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4249

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və attributlarından istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>