«

»

Apr 14

Xəlbir və ney – Kənan Hacının pyesi

Üç hissəli oyun

 

İştirakçılar:

Diri adam

İgid

Təlxək

Kişi tamaşaçı

Qadın tamaşaçı

Gənc tamaşaçı

II Kişi tamaşaçı

Naməlum adam

Nəzarətçi qız

 

                                I hissə

 

Qaranlıq mağara. Mağaranın küncündə bir şam yanır. Yüz illərdir yanır bu şam. Şamın üzünü işıqlandırdığı yaşsız adam hələ də yaşamaqdan yorulmayıb. Üzü, əlləri yüz yerdən çat verib, cadar-cadar olmuş torpaqdır elə bil. Əynindəki yun parçadan xirqəsi də torpaqdan seçilmir. İçəridə bəni-insan nəfəsini duyunca torpaq rəngində olan saqqalı azca tərpənir. Göz qapaqları min ilin ağırlığını qaldırırmış kimi çətinliklə açılır.

 

Diri adam  – Yol səni gətirdi, ya özün gəldin?

 

İgidin sinəsi körük kimi qalxıb enir. O, bura öz istəyilə gəlməyib, heç mağaranı da tanımır.

 

İgid – Yol gətirdi. (Dərhal da səhvini düzəldir) Qarşıma bir canavar çıxdı, məni qabağına qatıb bu mağaraya saldı.

 

Qocanın… Yox e, nə qoca? Bu vaxta qoca qalar? Əsrlər bir-birini əvəz edir, bu adam hələ də diridir. Min ilin dirisidir. Diri adamın sinəsindən zəif, güclə eşidilən bir xışıltı qopur.

 

Diri adam – O qurd səni haqqa qaytarıb. Haqqın yoluna gəlmisən. Min ildi gözləyirəm. Yaman tez qayıtmısan. (Azca yırğalanır) Susuzluqdan içim quruyub.

 

İgid nəyisə xatırlamağa çalışır. Qaranlıq zaldan köntöy bir kişi səsi eşidilir. Tamaşaçılardan biridir.

 

Kişi tamaşaçı – Alə, kişi səndən söz soruşur. Cavab ver də!

 

Nəzarətçi qızlardan biri kişiyə yaxınlaşıb ondan sakitliyə riayət etməyi xahiş edir. İgid yan-yörəsinə boylanır.

 

İgid – Heç nə xatırlamıram.

 

Diri adam – Otur, yaddaşını işığa tut. Bu şam güzgü kimidir, olmuşları sənə göstərəcək.

 

İgid ehtiyatla yaxınlaşıb Diri adamın yaxınlığında bardaş qurur. Yaddaşına işıq düşür. Yerində yırğalanır. Səssizlik. Gənclərdən biri yerdən replika atır.

 

Gənc tamaşaçı – Qoca deyəsən bunun yaddaşını format eləyir. Uzun çəkəcək.

 

Zalda gülüşmə. Səhnənin dibindən səs gəlir.

 

Naməlum adam – Qoca sənin babandır!

 

                                II hissə

 

Səhnə qaranlığa bürünür. İşıqlaşanda az öncə zaldan replika atan kişini təlxək qiyafəsində görürük. Çırtıq vura-vura səhnənin önünə gəlir. Üzünü tamaşaçılara tutur.

 

Təlxək – Adım yadımdan çıxıb,

heç bilmirəm kiməm mən.

 

Səhnə arxasındakı naməlum adamın səsi eşidilir. O, Sabirin şeirini deyir.

 

Naməlum adam –  Babam sünni, nənəm şiə, dürək mən,

Nə farsam mən, nə hindəm mən, türək mən!

 

Təlxək ətrafa boylanır, səhnəni dolanıb yenə əvvəlki yerinə qayıdır.

 

Təlxək – Gəl baş aç görüm! “Nə farsam mən, nə hindəm…” Ay millət, mən kiməəəəm? (Səsini uzadır) Olur da, qocalıq andıra qalmış belə şeydir, adam huş-zad qalmır.

 

Yerdən bir kişi səslənir.

 

II Kişi tamaşaçı – Əşi, özüvü təlxəkliyə vurma. Get işinlə məşğul ol! Bu hardan gəlib çıxdı e?

 

Qadın tamaşaçı – Aaa, adə, bu özü elə təlxəkdi dəə. Bunun işi-peşəsi təlxəklikdir.

 

Təlxək sevindiyindən hoppanıb düşür, dombalaq aşır.

 

Təlxək – Ay sağ olun! Axır ki, yadıma düşdü! Bəli, dostlar, mən təlxəyəm.

 

Qadın tamaşaçı (Kişiyə tərəf çevrilərək) – Gördüün? Vot! Təlxəkdi.

 

Təlxək – Bağışdıyün, bir söz soruşa bilərəm?

 

Yerdən səslər – Buyur, təlxək qardaş. Lap ikisin soruş.

 

Təlxək – Dəvəni xəlbirlə sulamaq olar?

 

Hamı bir ağızdan “Yooox” deyir.

 

Təlxək – Onda xəlbirlə su daşımaq da olmaz da.

 

Tamaşaçılar – Olmaz, olmaz.

 

Təlxək – Olmaz? Hm. (Fikrə gedir) Bəs elə isə… Sizə İgidin unutduğu vaqeəni danışım da. İcazənizlə.

 

Tamaşaçılar bir ağızdan “Danış” deyirlər.

 

Təlxək – Deməli belə. Diri baba min il əvvəl İgidə xəlbir verir və deyir ki, get, mənə su gətir. Susuzluqdan ciyərim kabab oldu. İgid də o gedən olur. O mağaranın küncündə şam işığında oturan Diri babadı, bu ölsün! (Əlini üzünə şappıldadır) O, min ildi inzivayə çəkilib çiləli həyatını davam etdirir.

 

Kişi tamaşaçı – Adamı mümkünsüz işin dalınca göndərib adını da yarıtmaz qoymaq buna deyirlər e.  A kişi, bu yetim xəlbirlə dəvəyə, eeeh, çaşdım, Diri babaya suyu necə gətirsin? Bu, səhəng deyil, satıl deyil, vedrə deyil… Xəlbirdir.

 

Gənc tamaşaçı – Gəlin bu təlxəyi evləndirək. Kor qızın da bəxti açılsın, təlxəyin də. Toylarında aşsüzənlə su daşımaq da mənim boynuma.

 

Zalda gülüşmə qopur. Bu dəm Təlxək qurşağından bir ney çıxarır və tamaşaçılara göstərir.

 

Təlxək – Deyin görüm, bunun içində nə var?

 

Tamaşaçılardan səs çıxmır.

 

Təlxək – Hə, dillənin də. Bu neyin içində bir şey görürsünüz?

 

Handan-hana adamların dili açılır. Hərə bir söz deyir.

 

– Neyin içində deyir?

– Neydi də.

– İçi boşdu.

 

Təlxək bardaş qurub barmaqlarını neyə toxundurur. Neyin nəvası tamaşaçıları ovsunlayır. Səhnə arxasından xanəndənin xoş avazı eşidilir. Xanəndə Füzulinin qəzəlini oxuyur.

 

Xanəndə – Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam,

Meydə təşviri-hərarət, neydə təsiri-səda.

 

                           III hissə

 

Həmin mağara. Təlxəyin Diri baba dediyi dünyanın yaşıdı öz qədim-qayım yerində oturub. İgidə pıçıltı ilə nəsə deyib səhnənin sağ küncünü göstərir. İgid yerindən sıçrayıb onun göstərdiyi səmtə doğru gedir. Küncdəki xəlbiri götürüb çıxmaq istəyərkən şamın sonuncu şöləsi kimi titrək səs onu saxlayır.

 

Diri adam – Bu dəfə tez qayıt…

 

Şamın şöləsi son dəfə çırpınıb sönür.

Sim-sim.az

Oxunma sayı: 1

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4234

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və attributlarından istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>