Səni çarəsizcə itirdiyim an ­ – Yelena Kuzminanın şeirləri

Əlyazma.org Yelena Kuzminanın şeirlərini təqdim edir:

ANAMA

 

Dolayıb ayağına parça cırıqlarını –

(Çəkməsi yox oğlanın, hər şey olur davada…)

Alır sobanın üstdən köhnə gödəkçəsini,

Pəncərədən boylanır. Açılıbdır hava da.

 

…Əriyib küçədə dünənki qar da,

Kirli yarpaqlarla oynayır külək.

Çudinova Tanya – o şəhərli qız

Bu gün Moskvaya geri dönəcək.

 

Bəlkə unudacaq bu meşələri,

Bəlkə də nə vaxtsa salacaq yada.

Tanya – şəhərli qız, moskvalı qız,

Əlvida, əlvida, sənə əlvida!

 

Ona “sevirəm” də deyə bilməyib,

Öpməyə hardaydı çata cürəti.

Üzülür, ömürlük gedəcək bu gün

On altı yaşında – ilk məhəbbəti.

 

Gedir arabanın ardınca, gedir…

Nə etsin, sözünə baxmır ki, ürək.

Heyif… qar üstünə düşəcək izi

Zavodun yanında ilk döngəyədək.

 

…Eh, necə də qəribə! Səksənə çatıb yaşı,

Tanyanın yaddaşından nələr silinib nələr…

Amma ki, unutmayıb o oğlanın adını,

Canlıdır əvvəlkitək o köhnə xatirələr!

 

 

GƏMİ

 

Budur kiçik gəmi, qocaman gəmi,

“Qəhrəman” yazılıb yan tərəfinə.

Əvvəlki sürətlə üzə bilməyir,

Bir azca yorulub, bir azca xəstə.

 

Limandan limana sürünüb gəlir,

Sevinir buludlar qaralmayanda.

Nə boz qasırğadan, nə də küləkdən

Yox idi qorxusu əski zamanda.

 

Çatdırsın mənzilə verilən yükü –

Qocaman gəminin bir arzusu var;

Şaddır – mühərriki sönməyib yolda,

Geciksə eybi yox, qoy danlasınlar.

 

Bilir, vidalaşmaq zamanı çatıb,

“Sağ ol!” deyəcəklər son dəfə ona.

Limandan bir daha ayrılmayacaq,

Xidməti beləcə çatacaq sona.

 

Uzanıb qalacaq çay kənarında,

Mürgülü sularda hey yatacaq o.

Pas atmış böyrünü gizləyib qəsdən,

“Qəhrəman” adından utanacaq o.

 

YÜKSƏLİŞ

 

Başında nimdaş yaylığı,

Baxışında ağrı-sızı…

O zamankı “sovetlər”in –

Komsomol əsrinin qızı,

Yamaclardan adlayaraq

Heç dərmədən nəfəsini,

Kilsədə sübh duasına

Aparırdı nəvəsini.

 

Tələsirdi, dolaşaraq

Çölün-düzün alağına…

Tələsirdi o, məbədə

Acımadan ayağına.

Kürəyində illər yükü,

Bir də zəif nəvəsi var.

Budur, bu da yeni kilsə,

Gümüş kümbəz, taxta divar.

 

Nimdaş ipək yaylığını

Düyünləyib çənəsində

Şam yandırıb dua edir,

Xaç çevirir sinəsində.

 

Nənəsinin göz bəbəyi

Dikburun körpə uşaq da

Dağıdaraq yuxusunu,

Çəkir körpə nəfəsinə

Nəfis küknar, əriyən şam,

Bir də insan qoxusunu.

 

Ey yaradan, uzaq eylə

Bizdən bu can qorxusunu!

 

 

***

Yelena Qalimovaya ithaf

 

Bütün həftəboyu, Pasxadan öncə,

Güclü qasırğalar qopmuşdu yenə.

Möhtacdıq durnalar geri dönüncə

Arıquşlarının təsəllisinə.

 

Gecələr, mübarək qızılı saplar

Qapımız önündə kəsişirdilər.

Bütün yer üzündə yalnız uşaqlar

Kədəri sevincə dəyişirdilər.

 

Təbiət can atıb çıxırdı yasdan,

Qaralar yerinə döşənirdi ağ.

Arıquşları da söyüdün üstə

Nəğmə deyirdilər bizə hər sabah.

 

Elə bil dünəndi… hopmuşdu kədər

Xurma ağacının zərif ətrinə.

Bizim tükənməyən dərdimiz qədər

Yoxdur bu dünyada əbədi heç nə!

 

 

***

 

Pişvaz edin! Açın, açın, pəncərəni, qapını!

Uzaq düşən Baharımız xoş avazla gəlibdir!

Gözləyirdik, harda qaldı şaxtaların qənimi?..

Yazla birgə sağsağanlar – vəfasızlar gəlibdir!

 

Geridə qalıb ağrı-acı. Qızıl telli şölələr

Evimizi, könlümüzü, ruhumuzu isidir…

Ürəyini açıb yenə ayaqyalın küçələr

(Varını verən utanmaz, bu qismətin işidir…)

 

Bu ucqarda nə şahanə çiçəkləyib ağaclar!

Şəhər özü kiçiksə də, çox genişdir qucağı.

Yavaş-yavaş addımlayır küçə ilə hökmdar,

Gül-çiçəklə salamlayır onu şəhər uşağı.

 

Səma mavi, hava ilıq, dünya qızıl rəngdədir!

Bu gün – sevinc vəd eləyir, vəfalıdır sözünə.

Böyük kral göz yaşını əllərilə gizlədir –

Aləmlərə hökm oxuyan Günəş düşür gözünə…

 

Düşünürəm, bu şəhərcik layiqdirmi sevgiyə?

Yüz illərdi sevinci də, kədəri də beləcə.

Qəm eləmə, kiçik şəhər, qar tezliklə əriyər…

Damlaların ahəngində şadlıq elə bu gecə!

 

…qala qapısı önündə nə şikəst var, nə səfil,

Tək-tənha bir keşikçidir yarıislaq torpağa.

onun qoca gövdəsinə söykənərək bir tifil

asta-asta tumar çəkir yanındakı ulağa…

 

***

 

Verilən vədədə, gecəyarısı

Ağrıdan boğulub dayandı zaman.

Elə bil qayıtdım o yerə bir də,

Altımda göy otlar, üstümdə duman…

 

Təbiət nə isə hecalayırkən

(Bəlkə də quşların səsiydi o da)

Uca Yaradana şükürlər deyib,

Təkcə Yaradanı salırdım yada.

 

…Bir də ayılaram yay gələndə mən.

Zamanın nə sonu, nə ilki kimi…

Qızıl qarğıdalı zəmilərində

Gəzərik, a dostum, əvvəlki kimi.

 

Qədim cəngavərlər qalxar ayağa,

Bayraqlar düzülər yenə yan-yana.

Elə bu şəhərdə, çay kənarında

Kilsə zənglərinin hay-harayına.

 

Necə də mərdanə, necə də məğrur

Dayanar igidlər çiyin-çiyinə!

Gümüşü qınından öz qılıncını.

Mojayski Nikola çıxarar yenə.

 

Azad göy qübbəsi başımız üstə!..

Bu məchul sevincdən coşub-daşarıq.

Yolumuz ayrılar burda, əzizim,

Səninlə beləcə vidalaşarıq…

 

Gecikmə, gecikmə! Bax ətrafına,

Bax, saysız-hesabsız yol yoldaşın var.

Adı dastan olan adil hökmdar

Knyaz Dmitri də sizi qarşılar.

 

Qoruyub haqqını torpağımızın

O qoç cəngavərlər son nəfəsədək;

Tanrının adını uca tutaraq!

Tanrının hökmünə boyun əyərək!

 

 

 

PELAGEYA

 

O zamanlar,

Şimal çayları boyu yerləşirdilər

kəndlər…

Kəndlilər

Nə də yağ-bal içində üzürdülər,

Nə süd gölündə çimirdilər.

Torpaq daşa dönüb yaşam bitməsin deyə

İşləyirdilər qadınlar

Nəğmə oxuya-oxuya,

qəm yeyə-yeyə.

Ürəklərini soyutmaq üçün

Özlərini atırdılar hər oda,

Əzab içində…

müharibəyə gedənləri salırdılar yada.

Beləcə günləri saya-saya,

Yaşayırdı o kənddə

Amosova Pelageya.

 

Hər işə yetirdi əli

Hündür boylu,

cəngavər qüvvəli

qızılsaçlı çörəkbişirən qadının.

Bişirdiyi çörəkləri hamı çox sevərdi,

Çünki yoğurduğu xəmiri o, bir uşaq kimi əzizlərdi.

Çörək yetirdi hər almaq istəyənə,

On deyil, yüz deyil… min dənə!

 

Yayılmışdı dörd yana çörəklərin şöhrəti…

Uzaqdan da gəlirdilər, yaxından da

dadmaq üçün bu neməti;

Kimsə heç olmasa yarısı üçün,

Kimsə də, eləcə…

Allah rizası üçün…

Hiss etmədən canının ağrısını,

Öz çörəklərilə doyururdu o, bir neçə kəndi,

Yalan olmasın,

bəlkə də Rusiyanın yarısını.

 

…Gəncliyimdə, iyirminci əsrin

bəzən üçyarpaq yonca,

bəzən yovşan ətirli

küləkləri vururdu üzümə hərdən.

Pelageya da Hekuba  kimiydi sanki!

Açıb kitabı, davam edirdim oxuduğum yerdən…

O, əfsanələrdə yaşayır, işləyirdi.

Bir ağac kimi böyüyürdü bu xatirələr,

başı buludlara dəyirdi.

Budur, Pelageya yorğun qayıdırdı işdən.

Çəməndəki yuxulu otlar belə

şad olurdu bu gəlişdən.

 

İndisə,

düzüb önümə sayılı günlərimi

Xatırlayıram onu bir əqrəbam kimi.

Dua edirəm hər axşam, hər sabah:

O gözəl kəndlərdəki

Saf, təmiz qadınların –

Bir də Amosova Pelageyanın ruhunu şad elə, Allah!

 

 

***

 

Soldu çəmənlərin gülü-çiçəyi,

Müşk-ənbər qoxusu yox oldu getdi.

Yolların tozunu canına çəkən

Alaqlar, ələflər çoxaldı getdi.

 

Yudu üzlərini gümüş yağışlar,

Bu qəfil hörmətdən boylar ucaldı.

Ayı pəncəsi də bir əsgər kimi

Kol-kosun içində fərəqət qaldı!

 

Yollar ayrıcında çıxsa qarşına

Köhnə ehtiramla sanki baş əyər:

“Tapdaqda qalmağa alışqanıq biz,

Yenə üstümüzdən keçib get”, – deyər.

 

…Gələrdim məktəbdən əlimdə çanta,

Onlar da astaca gələrdi dilə,

Söhbət eləyərdik yollar boyunca

Soy-kökü olmayan bu otlar ilə.

 

Dözümdən, Səbrdən söz açıb mənə

Yoldaş olardılar son baharadək.

Bu çətin sözlərin ağırlığını

O vaxtlar hiss edə bilmirdi ürək.

 

 

ETİBARSIZ QADIN

 

Qaldı arxamızda kənd məzarlığı

Ağır zamanlardan bir nişan kimi.

Bu gün, sağ qalanlar pişvaza çıxıb

Səni qarşıladı – qəhrəman kimi!

 

Uşaqlar həsədlə baxırdı hərdən

O mərd sinəndəki medallarına.

Divar saatı da vururdu birdən

Xoşbəxt günlərini salıb yadına.

 

Əsirdi köksümdə zavallı ürək,

Hava da sınağa çəkirdi məni.

Bəzən oynadırdı o soyuq külək.

Mavi çit donumun ətəklərini.

 

Sanki üşüyürdü ağaclar belə,

Qohum-əqrəbanın söz-söhbətindən.

Necə uzaqdısa burdan Berlinə,

Mənə bax eləcə uzaq idin sən.

 

…Qorxmadıq göylərin gurultusundan,

Başımız üstündə şimşək də çaxdı.

Səni çarəsizcə itirdiyim an,

Axır ki, bir dəfə üzümə baxdın.

 

Dedi-qoduları sən bilə-bilə

Yenə də davrandın qəhrəman kimi;

Əsgər şinelini götürüb ələ

Örtdün etibarsız çiyinlərimi.

artkaspi.az

Oxunma sayı: 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir