«

»

Apr 14

Fələstin poeziyasından seçmələr: Günəşin düşmənləri

Mahmud  DƏRVİŞ (1942-2008),

Şeiri vətən sayan şairin  həyatı mübarizə və sürgünlərdə keçmiş, şeirləri 20-dən çox  dilə çevrilmişdir. Nazim Hikmət və Lenin şeir  mükafatları almışdır.

ŞƏXSİYYƏT  VƏSİQƏSİ

Yaz!

Mən ərəbəm .

Şəxsiyyət  vəsiqəmin nömrəsi:50 000

Səkkiz uşağım var,

doğulacaq payızda  doqquzuncu da!

Acığınmı tutur buna?

 

Yaz!

Mən ərəbəm.

Yoxdur mənim nə adım, nə soyadım,

Qəzəblə çalxalanan bu ölkədə

Daş çatladır səbrim də.

Hələ zaman yaranmadan,

Hələ tarix bölünmədən  çağlara,

Hələ yoxkən  zeytun və  sərv ağacı,

Hələ otlar  boy  atıb kök salmadan

Qol-budaq  atmışdı mənim köklərim.

Deyildik biz heç də kübar təbəqəsindən,

Atam rəncbər nəslindən,

Babam adi əkinçiydi.

Hələ oxumağı öyrətmədən o

Günəşin gücünü öyrətdi mənə…

 

Yaz!

Mən bir  ərəbəm.

Sən gəlib qamarladın,

Əkib becərdiyim torpağı,

Ata-babamın bağlarını.

Bizə  miras  qoydun sən bu boz qayaları,

Bizə və gələcək nəsillərimə.

Deyirlər alacaq onu da sizin hökumətiniz,

Düzdürmü, görəsən bu da?

 

Elə isə yaz!

Birinci səhifənin düz  başına yaz:

Nifrət  eləmirəm mən insanlara,

Nə də ki, heç kimə hücum etmirəm.

Amma…

Əgər məni ac  qoysalar,

Çılpaq-yalavac  qoysalar,

yeyərəm ətini çiy-çiy eləcə  məni talan edənin.

Qorx mənim aclığımdan,

Qəzəbimdən…

Cin atına mindirmə məni.

 

Fedva TUKAN

1917-ci ildə  Fələstində doğulan Fedva Tukan,  toplumun qızlara münasibətinə  görə təhsil ala bilmədi, özü özünə oxudu.  Ölüm və ayrılıqlar şairi olan Fedva səkkiz şeir kitabının müəllifidir : “Günlərlə yalnız” , “ Onu tapdım”, “ Sevgi ver bizə”,  “Bağlı qapının qabağında”, “Gecə və atlılar”, “ Dünyanın təpəsində tək başına” “ İyul və başqa şey” ,  “Son bayatı”.

MƏNİM BƏSİMDİR

Öz torpağımda ölməyim elə mənim bəsimdir,

Burdaca basdırılam,

əriyib torpağı altda yox olam.

Diriləm bir ot  olub,

Çiçək olub diriləm,

Ölkəmin  bir boy atan

uşağının əllərinə toxunam.

Ölkəmin qoynunda olmaq bəsimdir.

torpaq olmaq,

Çiçək olmaq,

Ot olmaq.

 

UZAQDAKI ONA

Sən yox olsan da aramızdan,

dolaşırsan hələ mənim qanımda,

Səni deyir, səndən danışır,

İçim  bərəkətlə dolub daşır,

Mənə dünyaların ən gözəlini,

Şeirlər, xəyallar, ümitlər verir.

Sən yoxsan, günlərim həsrətlə geçir,

yuxularla,

Xoşdur mənə o verdiyin ümidlər.

Dünya əhli gecəyə sığınanda,

Arzularım sarar məni, yatıram ağlımda sən,

dolanır başımda o xatirələr, sən yardım edərkən,

sirridir xatirələr varlığımın ,

Daşıyıram o sirri.

****

Qayıqda üzən bir ruham,

Yalnızam qayığımda, onunla bərabərəm,

Əllərim titrəyir, sonra yox olur,

əl dəyməmiş, balta girməmiş meşədə,

Sevgi qandallarım sıxanda,

Sən o qandalları boşaldansan,

Vermə mənə azadlığımı, sən əsla  vermə.

Qəlbim bir qadın qəlbidir,

Həsrətində …

Ölənə qədər aşiq…

İnanır sevginin qandallarda olduğuna.

 

Səmih əl QASIM (1939)

Fələstin mübarizəsində olan inqilabçı şairdir, siyasi fikirlərinə görə həbs olunmuş və şeirləri qadağan edimişdir

***

Qalana qədər bircə zeytun ağacı

Bir  portağal ağacı,

Tək bircə dənə quyu,

Kiçik bir meşəlik qalana qədər,

Hələ qalanadək o xatirələr,

Balaca bir kitabxana,

Ölən babamın şəkli,

Bir də divar qalana qədər,

ərəb dilində lüğətlər, bir də sözlü mahnılar,

şeirlərlə, qalanadək əlyazmaları,

bir də Əntər əl Absinin o nağılları,

bu gözlər, kitablar, bu əllər qalana qədər,

bir də bu nəfəs,

mənim bu nəfəsim qalana qədər…

hayqıracam, azad insanlar adına savaşı hayqıracam.

bütün dünyanın üzünə.

Günəşin düşmənləri

O alçaq  donuzlar

Doysunlar xəcalət yeməyi ilə.

Son nəfəsimə qədər

əbədidir nəfəsim.

Savaşan əllərdə

Silah olacaq

Nəfəsim.

 

ƏŞRƏF FAYAZ

Bu şairə ateist düşüncəsinə görə edam cəzası kəsilmiş, lakin sonra bu cəza 8 il həbs və 800 qırmancla əvəz olunmuşdur..

 

FRİDA KAXLONUN BIĞI

Vecimə almayacam çirkab qoxusunu, yağışı səpələmək ehtiyacını,

Bir də çoxdandır sinəmə çökən acışmanı

Varmı mənim halıma bir təsəlli,

Nə dodaqlarımı ürəyim istəyən kimi açıb yummağa qoyan,

Nə də o buxar damlalarını sənin alaqırmızı ləçəklərindən sürüşüb atmağa izin verir,

Ya da elə indicə yanımda olmadığını hiss edəndə

Məni  köləsi edən sevdadan əl çəkməyə.

Və olmayacağını…

Gecənin bu ceza kimi səssizliyində dərdimə bir səbəb axtaranda.

Dünyanı da susmuş say sən, biz uzaqdan görəndə onu,

Aramızda olanları bir az həddini aşmış zarafat hesab elə!

****

Sənsiz keçirdiyim günlərə nə deyirsən?

Nə deyirsən bu ağır dərdimin içindən

birdən birə buxar olub uçan sözlərə?

O zamanlar qurumuş yosunlar kimi sinəmin altında vurulan düyünlərə?

Yadımdam çıxmışdı deyəm ki, artıq alışdım yoxluğuna.

Arzular da sənin arzularına uzalı əllərini itirir artıq.

Yaddaşım aşınır.

Unutdum deməyi ki, mən işığı qovuram hələ,

görmək üçün deyil,

qaranlıq qorxuncdur deyə.

ona alışsaq  da!

Bir üzr bəs edərmi? Yaxşı bəhanələr  uydurmağa  çalışarkən hər şeyə?

*****

Köksümdə  qısqanclığın oyanması üçün,

Qaranlıq  günlərimin  yeni bir  peşmanlıqla  məhv olması üçün?

Ədalətin ədalət  ağrısına  tutulacağı üçün və

Sevginin  ömrün payızında  sərtləşmə dərdi yaşayan bir  səfeh  adam olduğunu dediyim üçün!

***

Yaddaşımdan yan keç

yaxşı yatdığımı iddia etməyə məcburam.

Məntiqli bir  cavab istəyən sualları,

inandırıcı  cavablaar  almağa gələn sualları  cırıb atmaq gərək.

ən  şəxsi səbəblərə görə, adi  nöqtələmənin iflasından sonra  gələn  sualları.

***

Qoy sənə güzgülər desin sən necə gözəlsən!

Toz basmış sözləri sil-süpür ortalıqdan, nəfəs al dərin dərin!

Yadına sal səni nə qədər sevdiyimi,

Və hər şeyin dəhşətli yanğın salan elektrik cərəyanına çevrildiyini boş bir anbarda!

 

RAFİF ZİYADƏ

Rafif Ziyadə, jurnalist, fəal, şair. Kanada vətəndaşı bir fələstinli mübariz…
.Biz həyatı öyrədirik, bəyim!  

Bu gün, bədənim tv-də göstərilən  bir qətliamdır.
Bu gün, bədənim sözə və hekayələrə
sığmayan   tv-də göstərilən bir qətliamdır.
Bu gün bədənim, ölçülü cavablara qarşı statistika ilə dolu reportajlara  və sözə  sığmayan, tv-də göstərilmiş  bir qətliamdır.

Kamilləşdirdim ingilicəmi, öyrəndim BMT qərarlarını.
Amma yenə də məndən soruşdu:

“Xanım Ziyadə, uşaqlarınıza nifrət etməyi öyrətməkdən əl çəksəniz, hər şey  düzəlməzmi, sizcə?”
Ayaq saxla burada!
İçimə baxdım, səbr etməyə güc axtardım içimdə.  Fəqət dilimin ucunda səbr yox
düşərkən bombalar Qəzzəyə.
Məni tərk etdi səbr …
Ayaq saxla!
Gülümsə!
Biz həyatı öyrədirik, bəyim!

Rafif.. unutma gülümsəməyi …
Ayaq saxla!
Biz fələstinlilər,

onlar son göy üzünü də işğal etdikdən sonra öyrədirik həyatı.
Həyatı öyrədirik biz,

onlar məskən salıb irqçilik divarları ördükdən sonra,

son göyüzündən sonra
Həyatı öyrədirik biz, bəyim!

Amma bu gün, bədənim reportajlara və sözün çərçivəsinə  sığmağa məcbur olan,

tv-də göstərilən bir qətliamdır.
Deyirsiniz ki, bizə bir hekayə ver, sadəcə, insani bir hekayə.
Ancaq bilirsən… siyasi olmasın…
Səni və xalqını tanıtmaq  istəyirik insanlara,   bir hekayə ver bizə.
Lakin, “irqçilik” və “işğal” kəlimələrini işlətmə!
Bu siyasi deyil.
Deyirsən ki, bir jurnalist kimi   məcbursan yardım etməyə mənə…
siyasi olmayan hekayənizi anlatmanıza yardım etməyim üçün.
Bu gün, bədənim TV-də göstərilmiş bir qətliamdır.

Bir hekayə verimmi Qəzzədə  müalicəyə ehtiyacı olan qadın haqqında?”
Sümükləri qırılmış orqanların varmı, günəşi yaxşı örtmək üçün?
Ölülərini ver mənə…
onların adlarının siyahısını, çox olmasın1200 sözdən!
Bu gün bədənim, terrorist qanına hissizləşənləri duyğulandırmaq üçün
reportajlara və söz çərçivələrinə
sığmağa məcbur olan, tv-də göstərilmiş bir qətliamdır.
Amma üzüldülər.
Qəzzədəki inəklərə  üzüldülər.
Mən də onlara BMT qərarlarını və statistikaları danışdım…
lənətləyirik…
yas tuturuq…
rədd edirik!
Burada iki bərabər  tərəf yoxdur: işğal və işğalcı var.
Yüz ölü…
iki yüz ölü..
və min ölü.
Və o qədər savaş suçu və qətliamın arasında reportaj verməliyəm,
gülümsəməliyəm, “ekzotik olmadan”
Gülümsəməliyəm “terrorist kimi görünmədən”
Və danışıram, söyləyirəm yüz ölü, iki yüz ölü, min ölü var  deyə!
Kimsə varmı orada?
Kimsə dinləmirmi?
Cəsədlərin ardından fəryad edə bilməyi diləyirəm
Qaçqın düşərgəsində  ayaqyalın  qaça bilsin və sarılıb hər bir uşağa,

qulaqlarını tıxayım eşitməsinlər deyə bomba səslərini,

həyatları boyunca mənim kimi.
Bu gün, bədənim tv-də göstərilən bir qətliamdır.

Və sizə söyləyim, BMT qərarlarınız çarə olmadı buna heç bir zaman.
Və heç bir reportaj, ağlıma gələn heç bir reportaj, ingiliscəni nə qədər yaxşı bilsəm də!
Heç bir reportaj … heç bir reportaj … heç bir reportaj …
heç bir reportaj geri qaytarmayacaq ölüləri!
Heç bir reportaj düzəltməyəcək bunu.
Biz həyatı öyrədiyik, bəyim!
Biz fələstinlilər,

hər sabah dünyaya həyatı öyrətmək üçün oyanırıq, bəyim!!

 

Tevfiq əl Zəyyad (1940)

Fələstinli şair Tevfik əl Zəyyad,   xristiandır, əsərləri və

siyasi görüşlərinə görə 1958-ci ildə  həbs olundu. Nazaret Bələdiyyə sədri idi.

Qar


yox edə bilər
Savaşan xalqın
birliyini?
Hansı savaş
çala bilir
Bir xalqın vətənini.
Unudublar deyəsən:

Buradan
Min işğalçı keçdi
Əriyib gedərək
Qar kimi.

Sim-sim.az

Oxunma sayı: 2

Bu yazının daimi bağlantısı: http://www.elyazma.org/?p=4228

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və attributlarından istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>