Katrin Mansfild – Bir fincan çay

Katrin Mansfild (1888-1923) Yeni Zelandiyada doğulmuş ingilis yazıçısıdı.
Daha sonra təhsilini İngiltərədə davam etdirən gələcək yazıçı Avropa ölkələrinə səyahətdən sonra yenidən Yeni Zelandiyaya qayıdaraq qısa hekayələr yazmağa başladı.
1908-ci ildə yazı vərdişlərini inkişaf etdirmək üçün yenidən Londona qayıdır. İki dəfə evlilik yaşayan yazıçı ömrünün son illərini Fransada yaşayıb. Yazıçı kimi ölümündən sonra tanınıb.
Əsərləri dünyanın 25-dən çox dilinə tərcümə olunub. Katrin Mansfild modernist ədəbiyyatın görkəmli nümayəndələrindən biri hesab olunur.

Əlyazma.org Katrin Mansfildin “Bir fincan çay” hekayəsini təqdim edir.

Rozemari Fell o qədər də gözəl sayılmazdı. Xeyr, ona gözəl qadın demək olmazdı. Sevimliydimi? Onu hissələrə bölüb ayrı-ayrılıqda da qiymət vermək olardı. Ancaq bir insanı parçalara ayırmaq qəddarlıq olardı. Gənc, ağıllı, modern, zərif geyinən və çox oxuyan bir qadın idi. Evində düzənlədiyi məclislərdə əhəmiyyətli şəxslərdən, sözlə təsəvvüredilməz dərəcədə qəribə, həm də xoşsöhbət insanlardan ibarət gözəl bir mühit yaratmağı onun sevimli məşğuliyyəti idi.

Rozemari iki il ildi ki, evliydi. Sevimli bir oğlu vardı. Adı da Peter, yox, bilmədiniz, Mikayıldı. Əri Rozemariyə pərəstiş edirdi. Zəngin idilər, olduqca zəngin. Bu zənginlik valideynlərinin cansıxıcı zənginliyindən tam fərqli idi. Biz Londonun son moda planlarının sərgiləndiyi məşhur Bond prospektində alış-veriş edərkən Rozemrai bu işdən ötrü durub Parisə gedirdi. Çiçək almaq istədikdə maşını ən yaxşı gül mağazasının önündə dayanırdı, Rozemari içəri girərək özünə şirin gələn ədaları ilə “bunları istəyirəm, bir də bunları” deyirdi. “Bir də bunlardan dörd dəmət, gül də istəyirəm, bu vazadakı güllərin hamısını verin. Yox, yasəmən istəmirəm, nifrət edirəm onlara, çox biçimsiz şeydilər”. Gülsatan sayğı ilə əyilir, sanki biçimsiz olduqları doğruymuş kimi yasəmənləri ortadan götürürdü.

– Bu qısa lalələrdən də verin mənə, baxın, bu ağ və qırımızılarından.

Qucağında körpəymiş kimi bəyaz kağıza bükülü gül buketini aparan qadın maşına doğru gedərkən sısqa bədənli qız onun arxasınca baxırdı, bir neçə dəfə büdrədi də.

Bir qış günü günortadan sonra Rozemari Curzon prospektindəki kiçik bir əntiq mağazasında alış-verişlə məşğul idi. Bura xoşladığı yeriydi. Burda təkbaşına gəzinməyin verdiyi rahatlıq duyğusundan zövq alırdı. Mağaza sahibi ona o qədər diqqət göstərirdi ki, adamın xidmət anlayışı gülüş doğururdu. O, mağazaya hər gələndə adamın üzü çiçək açırdı. Əllərini bir-birinə sürtür, danışmaqda belə çətinlik çəkirdi. Haldan-hala düşürdü. Sayğı dolu, xəfif, ürkək bir səslə: – bilirsiniz, madam, mən bu əşyaları çox sevirəm, onları dəyərini anlamayan, yəni çox az kimsənin sahib olduğu o incə zövqdən yoxsul olan adama satmaqdansa, elə burda qalmağı daha yaxşıdır, deyə düşünürəm, – deyirdi. Sonra dərindən köks ötürürdü və kiçik, mavi rəngli məxmər bükülünü barmaqlarının solğun ucuyla hamarlayaraq şüşə dəzgahın üzərinə yayırdı.

Bu gün isə yeni olaraq təqdim etdiyi kiçik bir qutu idi. Onu hələ heç kəsə göstərməmiş, Rozemari üçün saxlamışdı. Qaymağa batırılaraq qızardılmış kimi pırıl-pırıl, bəzəkli bir qutu idi. Qapağında çiçəkli bir ağacın altında dayanmış oğlan və qız təsviri vardı. Qızın qolları oğlanın boynuna sarılmışdı. Qızın bir ətirşah yarpağı boyda olan şlyapası ağacın budaqlarının birindən asılmışdı, üzərində yaşıl şəridlər vardı. Oğlanla qızın başlarının üstündə onların qoruyucu mələyi kimi pənbə bir bulud vardı. Rozemari uzun əlcəklərini çıxartdı. Bu cür şeyləri incələmək üçün adətən, əlcəklərini çıxarırdı. Hə, bu qutudan xoşu gəlmişdi, qutuya heyran olmuşdu. Çox şirin bir şey idi. Onun olmalıydı. Krem rəngli qutunu əlində o üz-bu üzə çevirib, qapağını açıb bağlayarkən mavi qumaş üzərində əllərinin necə də zərif görünüşə malik olduğunun fərqinə vardı. Satıcı da yaddaşının hansısa küncündə eyni hərəkəti etmək cəsarətini özündə tapmış kimiydi, əlində bir qələm dəzgaha doğru əyilərək qanı çəkilmiş, solğun barmaqlarını çəkincən bir tövrlə qadının yumşaq və parıltılı barmaqlarına yaxınlaşdırıb: – madam izn verərsə, – deyə mızıldandı, – kiçik xanımın paltarındakı çiçəklərə diqqətinizi yönəltmək istərdim.

– Nə gözəl! – dedi Rozemari. Çiçəklərə heyran olmuşdu. Görəsən bu qutunun qiyməti nə qədər olar? Satıcı bir anlıq sualı eşitməmiş kimi oldu, sonra mızıldadı: – İyirmi səkkiz ginə, madam.

İyirmi səkkiz ginə. Rozemari dinmədi. Kiçik qutunu şüşənin üzərinə qoydu. Əlcəklərini yenidən taxdı. İyirmi səkkiz ginə. İnsan zəngin olsa belə… Qərarsız görünürdü. Gözlərini satıcının başı üzərindən şişkin, gonbul toyuğa bənzəyən çaydanlara dikdi. Sonra xəfif səslə: – bu qutunu mənim üçün saxlayın, olarmı? – deyə satıcıdan xahiş etdi. – Mən… Eyni anda adam əyilərək bu istəyi təsdiqləmişdi. Qutunu onun üçün saxlamaq bir insanın istəyə biləcəyi tək şeymiş kimi etmişdi bunu. Əlbəttə, qutunu onun üçün saxlayacaqdı, sonsuza qədər saxlayacaqdı. Mağazanın göstərişsiz qapısı tıkkıltılı bir səslə bağlandı. Rozemari artıq çöldəydi. Pilləkanda durub baxışlarını qış gününün axşamına çevirdi. Yağış yağır, yağışla birgə qaranlıq da kül rəngli buludlar kimi dünyanın üzərinə çökürdü. Narın bir soyuq vardı. Yenicə yandırılmış küçə lampaları eynən qarşıdakı evlərin işıqları kimi hüzn saçırdı. Nədənsə peşmanlıq duyurmuş kimi donuqcasına yanırdılar. Çətirlərin altındakı qaranlığa sığınmış insanlar sürətli addımlarla keçib gedirdilər. Rozemari içində qəribə bir acı hiss etdi. Kürkünün yaxalığını qaldırdı. O balaca qutunun həmin anda əlində olmasını, onu möhkəmcə sinəsinə sıxmağı arzuladı. Maşını yaxnlıqda idi, yolu keçməsi kifayət idi ki, ona çatsın. Amma o, hələ də qərarsızcasına yol kənarında dayanıb qalmışdı. Həyatın bəzən hürküdücü anları olur. İnsan özünü güvəndə hiss etdiyi bir yerdən bir addım çölə atdıqda dəhşətə gəlir. Belə duyğulara təslim olmaq olmazdı. Ən yaxşısı evə gedib əla bir çay içmək idi.

Rozemari bu haqda düşünərkən böyründə bir qız peyda oldu. Bu cılız və əsmər qız kölgə kimi hardan çıxdı? İç çəkişini andıran pıçıltı ilə soruşdu:
– Madam, bir dəqiqəlik vaxtınızı ala bilərəm?
– Mənimmi?- Rozemari ona tərəf çevrildi. Qısa boylu, iri gözlü, üzündən qüssə yağan bir qız idi. Yaşıd olardılar. Qızarmış əlləriylə paltosunun yaxasını qaldırmışdı, sudan yenicə çıxmış kimi titrəyirdi. Kəkələyərək: – Madam, mənə bir fincan çay üçün pul verə bilərsinizmi? – deyə soruşdu.

– Bir fincan çay üçünmü?

Qızın səsində sadə və içdən gələn bir hava vardı. Dilənçi səsinə oxşamırdı.

– Deməli, heç pulun yoxdur…
– Yoxumdur, madam.
– Qeyri-adi bir hal! – Rozemari çökən qaranlığın içində qızı daha yaxşı görə bilmək üçün ona diqqətlə baxdı. Qız da ona baxırdı. Qeyri-adilikdən o tərəfə olan bir şey idi. İçində olduğu bu vəziyyət Rozemariyə qəfildən bir macəra kimi göründü. Axşamın alaqaranlığında üzləşdiyi bu səhnə sanki Dostoyevskinin romanlarının hansındansa bir epizod idi. Qızı evə aparsa, kitablardan oxuduğu, teatrda gördüyü o səhnələrdən birini oynasa, görəsən necə olardı? Rəfiqələrinin çaşqın baxışları altında “onu küçədən evə gətirdim” deməsini gözləri önünə gətirdikdə yanındakı qaraltıya: – gedək bizə, birlikdə çay içərik, – dedi.

Qız diksinərək geri çəkildi, hətta bir anlıq titrəməsi də keçdi. Rozemari əlini uzadıb xəfifcə onun qoluna toxundu:

– Ciddi deyirəm, -gülümsədi. Gülümsəməsinin nə qədər içdən gəldiyini özü də hiss etdi.

– Niyə də olmasın? Gəl, gəl, mənim maşınımla gedək. Birlikdə çay içərik.

– Doğrudan? – deyə qız soruşdu. Səsində acı çəkirmiş kimi bir ton vardı.

– Hə, doğrudan, – Rozemari səsini yüksəldərək cavab verdi. – Mənimlə gəlməyini istəyirəm. Sevindirərsən məni, gəl görək.

Qız barmaqlarını dodaqlarına apardı. Bir yandan da Rozemarini süzürdü.

– Siz məni polis idarəsinə aparmayacaqsınız, hə?

– Polis idarəsinəmi? – Rozemari qəhqəhə çəkdi. – Belə rəhmsizliyi niyə edim ki? Mən sadəcə, sənin isti bir yerdə qızınmağını və anladacağın bir şeylər varsa, onları dinləmək istəyirəm.

Ac adamları istədiyin tərəfə yönəltmək asandır. Sürücü maşının qapısını açdı. Az sonra onlar axşam qaranlığına qarışıb gözdən itdilər.

– Hə, oldu, – Rozemari dedi. Qolunu qədifə qoltuğa söykəyərkən içini bir zəfər duyğusu sarmışdı. Qarmağa keçirdiyi bu kiçik dustağa baxarkən “hə, indi əlimdəsən” demək istəyirdi. Əlbəttə, yaxşı mənada. Yaxşılıqdan daha artıq bu qıza həyatda inanılmaz hadisələrin gerçəkləşdiyini, xeyirxah mələklərin həqiqətən var olduğunu, zəngin insanların da hər birinin qəlbi olduğunu və qadınların bir-birlərinin doğması sayıldıqlarını sübut edəcəkdi. Anidən qıza tərəf dönərək: – Çəkinmə, sən axı mənimlə gəlməkdən niyə çəkinirsən? – dedi. – İkimiz də qadınıq. Mən sənə baxanda bir az bəxti gətirmiş sayılsam da…

Sözlərin dalını gətirə bilmədi, maşın onu bu çətin vəziyyətdən xilas etdi. Çatmışdılar. Qapının zəngi vuruldu, qapı açıldı və Rozemari qonağını zərif, qoruyucu bir tövrlə, qucaqlayırmış kimi salona ötürdü. Evin ilıq havasını, aydınlıq və xoş bir qoxunu, özünün alışdığı və heç fərqinə varmadığı bu şeyləri qonağın necə qarşılamasına diqqət edirdi. Ondan ötrü ətrafında gördüyü bu aləm füsunkar idi, bu anda eynən uşaq otağında alış-veriş paketlərini açıb içindəkiləri dolablara yerləşdirməkdə olan balaca, zəngin bir qızı andırırdı.

Xeyirxahlığını nümayiş etdirməyə tamarzı olan qadın: – yuxarı gəl, mənim otağıma qalxaq, – dedi. Həm də bu zavallı qızcığazı xidmətçilərin baxışlarından xilas etmək istəyirdi. Pilləkanları qalxarkən xüsusi xidmətçisi Jannanı belə çağırmamağı qərar vermişdi. Qız üzərindəkiləri öz-özünə çıxara bilərdi. Ən əhəmiyyətlisi təbii olmaqdı.

Geniş, gözəl yataq otağına girdikdə Rozemari yüksək səslə: – Budur, gəldik, -dedi. Pərdələri qapalı otaqda buxarının alovları Rozemarinin bahalı mebelləri, altun sarısı yastıqları, pəmbə, mavi xalıları üzərində oynaşırdı.

Qızcığaz otağa addım atar-atmaz quruyub qalmışdı; sehrlənmiş kimiydi. Rozemari özünü əhəmiyyət vermirmiş kimi göstərdi. Böyük kreslosunu buraxıya tərəf çəkərək:
– Gəl əyləş bu rahat kresloda, – dedi. – Gəl, isinərsən, çox üşümüsən.

Qız geri çəkilərək:

– Yox, yox, otura bilmərəm, madam, – dedi.

– Lütfən, – deyə Rozemari iti addımlarla ona yaxınlaşdı, – burda çəkinəsi nə var ki? Gəl əyləş. Mən də əynimi dəyişim, sonra o biri otağa keçib ləzzətli bir çay içərik, – dedi.

Qızın incə bədənini xəfifcə kreslonun dərin boşluğuna itələyirmiş kimi çəkdi. Ancaq qız yerindən tərpənmədi, durduğu yerdəcə ağzı açılı vəziyyətdə qalmışdı. Bu vəziyyətində bir az axmaq kimi görünürdü. Rozemari heç nə olmamış kimi mehriban səslə dedi:

– Papağını çıxart başından görüm. Gözəlim, saçların yamyaşdı, insan papağını çıxararkən özünü daha rahat hiss edir, elə deyilmi?

Qız pıçıltılı səslə:

– Elədir, madam, – dedi və yastı papağını başından götürdü.

– Kömək edim, paltonu da çıxart, – dedi Rozemari.

Qız ayağa qalxdı, özünü Rozemarinin ixtiyarına buraxdı. Rozemari çətinlik çəkirdi, qızın ona kömək etmək fikri yox idi. Uşaq kimi səndələyirdi, az qala yıxılacaqdı. Rozemarinin fikrincə yardım istəyən bir insan özü də yardım etməliydi, yoxsa iş çətinləşirdi. Ağlından belə bir düşüncə gəlib keçdi. Yaxşı, indi əlindəki paltonu neyləyəcəkdi? Papağı da, paltonu da yerə atdı. Siqaretini yandırmaq üçün buxarıya əyilərkən qız xəfifcə dilləndi:

– Bağışlayın, madam. Başım hərlənir, bir şeylər almasam, burda yıxılıb qalacağam.

– Aman, Tanrım! Nə düşüncəsizəm. – Rozemari təlaşla zəngi çaldı. Qulluqçu qapının ağzında bitdi.

– Dərhal çay gətir, bir az da konyak, bir az cəld ol.

Qulluqçu çıxarkən qız hayqıran bir səslə: – Xeyir, konyak istəmirəm, – dedi, – konyak içmirəm mən, bir fincan çay mənə bəsdir, madam.

Qız göz yaşlarına hakim ola bilmədi. Olduqca həssas bir an idi. Rozemari kreslonun yanında diz çökərək: – ağlama, qızım, – dedi. Yaylığını ona uzatdı. Sözlərə sığmayacaq dərəcədə duyğulanmışdı. Qolunu qızın quş kimi sısqa çiyinlərinə doladı. Qız əvvəlkinə nisbətən bir az açılışmışdı.

– Belə yaşaya bilmirəm artıq, – nəfəsi kəsilirmiş kimi dedi, – dözə bilmirəm, həyatıma son verəcəyəm, yetər.

– Artıq belə yaşamaq zorunda qalmayacaqsan, – Rozemari dedi, – sənə mən bacaxağam. Ağlama. Mənimlə rastlaşmağın çox yaxşı oldu. İndi birlikdə çay içəcəyik və sən hər şeyi mənə danışacaqsan. Sənin üçün bir şeylər düşünəcəyəm. Söz verirəm. Ağlamağı kəs. Özünə zülm edirsən. Lütfən.

Qız ağlamağını kəsdi. Beləcə, Rozemari də çay xidmətindən öncə ayağa qalxa bildi.Serviz masasını aralarına qoydurdu. Gətirilən şeylərdən qıza təklif edirdi: sandviçlər, üstünə kərə yağı çəkilmiş çörək dilimləri… Fincanı boşalınca yenisini gətizdirir, böyrünə də şəkər və şokolad qoyurdu. Özü heç nə yemirdi, siqaret çəkir, düşüncəli davranaraq qız çəkinməsin deyə başqa səmtə baxırdı.

Bu xəfif yeməyin qız üzərində təsiri xariqəydi. Serviz masası aparılarkən incə, qırılğan bədəni, dağınıq saçları, rəngi yerinə qayıtmış dodaqları və işıqlanmış gözləriylə kresloda yepyeni bir varlıq əyləşmişdi, buxarının alovlarına baxırdı. Rozemari yenə siqaret yandırdı. Söhbətin zamanı yetişmişdi. Yumşaq səslə soruşdu:

– Axırıncı dəfə nə vaxt yemək yemişdin?

Bu vaxt qapı döyüldü.

– Rozemari, gələ bilərəm?

Gələn Filipp idi.

– Üzr istəyirəm, – dedi və otağa girərkən duruxdu, baxışları bir tərəfə dikilib qaldı. Rozemari:

– Gəl, – dedi, – bax, bu mənim rəfiqəmdir.

– Smit, madam, – qız halını pozmadan dedi. Çəkingənliyi çəkilib getmişdi.

– Bəli, Smit. Bir az söhbət edəcəyik, – Rozemari dedi.

– Eləmi? – Filipp soruşdu və baxışları yerdəki paltoyla papağa dikildi. Sonra buxarıya yaxınlaşıb çiynini divara söykədi. – Bərbad bir axşamdır, -deyərkən də baxışları kreslodakı hərəkətsiz qonağa, onun əllərinə, çəkmələrinə dikilir, sonra yenə arvadına tərəf yönəlirdi.

– Hə, bərbad havadır, – Rozemari gerçək tövrüylə dedi, – çox pisdir.

Filipp şirin-şirin gülümsədi.

– Əslində sənə bir söz deyəcəkdim. Bir dəqiqəlik kitabxanaya gələ bilərsən? Yəqin ki, madam Smit bizi bağışlayar, – dedi.

Qız iri gözlərini Filippə doğru qaldırmışdı ki, Rozemari onun əvəzinə cavab verdi:

– Hə, bağışlayar.

Otaqdan birlikdə çıxdılar. İkilikdə qaldıqda Filipp soruşdu:

– De görüm bu qız kimdir? Bütün bu həngamə nə anlam daşıyır?

Rozemari gülərək qapıya söykəndi.

– Curzon prospektində rast gəldim ona, yəni küçədən tapmışam. Məndən bir fincan çay pulu istədi, mən də evə gətirdim.

– Yaxşı, indi neyləyəcəksən bununla, – Filipp yüksək səslə soruşdu.

– Xoş davranacağam, ona qarşı çox mehriban olacağam. Hələ danışmamışıq, – Rozemari tez-tez danışırdı.

– Sevgilim, sən ağlını qaçırmısan, – Filipp dedi, – qətiyyən belə bir şey etmək olmaz.

– Belə deyəcəyəni zatən, bilirdim, – deyə Rozemari kədərli halda cavab verdi. – Mən istəyirəm. Bu səbəb yetərli deyilmi? Buna bənzər xəbərlər az oxuyuruq? Mən qərar verdim.

– Ancaq qız yaman gözəldir, – Filipp dedi.

– Gözəldir? – Rozemarinin çaşqınlıqdan üzü qızardı. – Eləmi düşünürsən? Mən… mən heç bunu düşünməmişdim.

– Allah üçün, çox gözəl bir qızdır. Az öncə otağına girəndə donub qaldım. – deyə Filipp kibriti çəkdi. – Hər nə isə, məncə xətaya yol verirsən, əzizim. Kobudluq etdimsə, üzr istəyirəm. Madam Smit axşam yeməyinə qalacaqsa, mənə xəbər edərsən. Bu arada mən də qəzetimi oxuyum.

– Boş-boş danışma! – Rozemari dedi. Çölə çıxdı, amma yataq otağına dönmədi. İş otağına keçib masasının arxasına keçdi. Gözəl ha! Həm də çox gözəl? Donub qalıbmış. İçində zınqırov kimi səslənirdi bu sözlər. Çek dəftərini qarşısına çəkdi. Ancaq, yox, çeklərin heç bir faydası olmayacaqdı. Çəkməcələrdən birini çəkdi, bir sterlinlik beş banknot çıxartdı, baxdı. İkisini qaytarıb yerinə qoydu, üçünü götürüb yataq otağına döndü.

Yarım saat sonra Rozemari kitabxanaya girəndə Filipp hələ də oradaydı. Qadın qapıya söykəndi.

– Xəbər verməyə gəldim. Madam Smit axşam yeməyinə qala bilmir. – Ərinə dim-dik baxarkən gözləri qamaşırmış kimi yeni və qəribə bir hava vardı gözlərində.

Filipp qəzeti əlindən qoydu.

– Eləmi? Nə oldu? Başqa bir yerəmi söz verib?

Rozemari onun yanına gəlib qucağında oturdu. – Getməkdə israr etdi, – dedi, – mən də zavallıya bir az pul verdim, yəni hədiyyə kimi bir şey.

Sonra yumşaq bir səslə əlavə etdi:

– Zorla saxlaya bilməzdim ki. Elə deyil?

Rozemari bir az öncə saçlarını qaydasına salmış, gözlərinə xəfif boya çəkmiş, inci sinəbəndini taxmışdı. Filippin yanaqlarını oxşadı.

– Məndən xoşun gəlir? – deyə soruşdu.

Dadlı və xəfif səs Filippin təmkinini əlindən aldı.

– Özü də necə! – dedi və arvadına sarıldı. – Öp məni…

Bir müddət səssizlik oldu. Sonra Rozemari xülyalı bir səslə: – bu gün antikvarda balaca bir qutu gördüm, – dedi, – çox bəyəndim. Qiyməti iyirmi səkkiz ginə. Onu ala bilərəmmi?

Filipp arvadını dizlərindən atdı:

– Əlbəttə, ala bilərsən, mənim balaca bədxərcim.

Ancaq Rozemarinin söyləmək istədiyi şey başqa idi. Ərinin başını köksünə sıxaraq: – Filipp, – deyə pıçıldadı, – mən gözələm?

Sim-sim.az

Oxunma sayı: 4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir