“Mən tanıqlıq edirəm” – Azər Həsrətin yeni kitabı

men_taniqliq_ediremAzərbaycan Respublikasının Əməkdar Jurnalisti, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin daha bir əsəri işıq üzü görüb. 1990-cı ilin 20 yanvar olaylarına işıq tutan əsərdə yazar gördüklərini, yaşadıqlarını, eyni zamanda geniş ictimaiyyət tərəfindən bilinməyən gerçəkləri oxucuya təqdim edir.

Əsərin qəhrəmanı rolunda çıxış edən müəllif həmin günlərdə Bakı Baza Energetika Texnikumunun tələbəsi, Azərbaycan Xalq Cəbhəsinin üzvü kimi Bakıdakı Salyan kazarmaları ətrafında dostlarıyla növbə çəkməsi, 20 yanvar ərəfəsində və sonrakı günlərdə etdiyi müşahidələri bir tanıq (şahid) ifadəsi kimi qələmə alıb.

Əsərin qəhrəmanı Azər öz başına gələnləri, eləcə də dostlarının yaşadıqlarını bədii dillə oxucuların mühakiməsinə buraxır.

“Mən tanıqlıq edirəm” adlı bəlgəsəl-romanda oxucu eyni zamanda yanvarın 17-dən başlayaraq ölkənin quzey qapısı sayılan Xaçmaz rayonunun Xudat dəmiryol stansiyasında yerli əhalinin Bakıya yeridiləcək əlavə əsgər qüvvəsi və hərbi texnika gətirən qatarı dayandırıb geri qaytarmasından xəbər tutacaq.

Bütün qəhrəmanları gerçək şəxslər olan əsər “Qanun” Nəşrlər Evində 500 nüsxə tirajla dərc edilib.

Kitabın redaktoru şair, Dünya Gənc Türk Yazarlar Birliyinin qurucu başqanı Əkbər Qoşalı, fotolarının müəllifi isə tanınmış fotoqraf, o günlərin canlı şahidi olmuş Rasim Sadıqovdur.

Qeyd edək ki, bu roman Azər Həsrətin 2-ci əsəridir. 2012-ci ildə dərc edilmiş “Bir əsgərin yaşantıları” adlı ilk romanında müəllif əsgərlik çəkdiyi Almaniyada yaşadıqlarını qələmə almışdı.

Oxunma sayı: 27

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir