İnsan üçün roman – Video

Azər Həsrət, azer@azerhasret.com

Bugünlərdə gənc yazar Sərdar Aminin “Qanun” nəşriyyatında çapdan çıxmış “Qaratoyuq nəğməsi” adlı romanı, proloqda deyildiyi kimi, “insan üçündür”. Yazara görə, hər kəs dinini, milliyyətini, saqqalını, bığını bir kənara qoysa ortada qalan sadəcə insan olacaq. Bax, o zaman yəqin ki, müharibələr bitəcək, yer üzü yaşanacaq bir məkana çevriləcək.

Romanın Amin adlı qəhrəmanı vətənini sevən bir gəncdir. Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olmasının fərqindədir. Üstəlik də ailəsi ilə birlikdə işğal altındakı Qubadlıdan qaçqın düşüb. Erməni təcavüzçülərindən canlarını qurtararkən azyaşlı bacısını da erməni əsgərləri gözlərinin önündə öldürüb. Amin qaçqın düşərkən cəmi beş yaşı olsa da müharibə səhnələri əbədi olaraq onun yaddaşına həkk edilib. O, qan görüb, itki görüb, hər cür qeyri-insani davranışı balaca bir uşaqkən öz üzərində hiss edib. Amma bütün bunlara baxmayaraq müharibə istəmir. O, heç qisas da almaq istəmir. Onun inancına görə, düşmən dediyimiz ermənilər yanlış yolda olduqlarını anlamadıqları üçün bizə bu zülmləri yaşadır.

O deyir ki, “Hər şey gözəldir, hər şey! Bircə radionun tez-tez səsləndirdiyi “Ermənistanın Azərbaycana təcavüzü davam edir” cümləsi olmasaydı”. Bəli, məhz bu təcavüz özünü sülhə həsr etmək istəyən Aminin sonrakı taleyini müəyyən edir. Daha doğrusu, onun ömrünü puç edir, soyunu qurudur. Erməni təcavüzü neçə-neçə Aminlərin sonuna çıxır. Amma Amin yenə də insanlığını itirmir, öz ideallarına sadiq qalır.

Romanda bir eşq süjeti qabarıq şəkildə özünü göstərir. Eyni kənddən olan iki gənc bir-birini sevir, əhd-peyman bağlayır. Lakin amansız müharibə Amini sevgilisindən ayırır və sonra da varlı-pullu, müharibədən yayınmağı bacaran Elvin adlı bir müftəxor gənc Aminin sevgilisinə sahib olur. Amin buna da dözür və qəlbində kin bəsləmir.

Amin müharibəyə nifrət edirdi. Ancaq vətənin müdafiəsi gərək olduğu zaman müharibədən yayınmağa da nifrət edirdi. Amin öldürmək istəmirdi. Ancaq başa düşürdü ki, o öldürməsə düşmən onu öldürəcək. Buna görə də müharibə yenidən başlayanda Amin sakitcə, hətta evdə belə demədən savaşa yollanır.

Savaş dövründə də Amin düşmənə güllə atarkən belə sülh haqqında düşünür. O, müharibə bitəndən sonra yazacağı romanın ilkin konturlarını cızır, onları dəftərçəsinə qeyd edir. Amin düşünür ki, bu yolla insanlığa bir çağırış edə bilər ki, müharibə olmasın. Münaqişələr dinc yolla, lap hətta bilgisayar proqramları ilə həll edilsin. O bu qədər ülvi hislərlə yüklənsə də savaş tam gücü ilə davam edir, canlar alır.

Kitabda qəhrəmanın bəlkə də ifrat humanizmi diqqət çəkir. O, əsir alınmış erməni əsgərinə işgəncə verə biləcəyi təqdirdə, onu kənara çəkib əllərini açır və qaçıb getməsinə imkan yaradır. Amin əsgər yoldaşının hədiyyəsi olan bu əsiri buraxmaqla içindəki ifrat insansevərliyin bir gerçək olduğunu sübut etmiş olur. Lakin sonradan özü əsir düşəndə sadəlövhcəsinə gözləriylə onu əsir götürən ermənilər arasında azad etdiyi ermənini axtarır. Təbii ki, bu şans onun üzünə gülmür və başına çox oyunlar gətirilir. Onun həyatı məhv edilir, xəyalları puç olur.

Əsərin sonunda Amin şikəst və xəstə halda qaçqın kimi məskunlaşdığı kəndə qayıdır. O getdikdən sonra bu kənddə çox sular axıb artıq. Atası dünyasını dəyişib. Anası deyəsən sağ olmalıdır. Ancaq, heyhat, sən demə o da bu yaxınlarda dünyasını dəyişibmiş. Aminin, tək övladının yolunu gözləyə-gözləyə Sona arvad bu dünyadan nakam gedir.

Qaratoyuq nəğməsi

Qaratoyuq nəğməsi

Səhər erkəndən kəndə çatan Amin birbaş qəbristanlığa yollanır. Atasının qəbrini ziyarət edəcəkdi. Ancaq birdən yanından keçdiyi təzə qəbir onun diqqətini çəkir. Geri dönür. Qəbrin baş taxtasındakı adı oxuyur: Amanova Sona İlyas qızı. Bu, onun anasıdır. Ölümündən Aminin hələ xəbəri olmayan anası. Amin qəbrin üzərinə çökür, torpağı qucaqlayır. Bu onun anasıyla son qucaqlaşmasıdır. Yaralarından qan açılır. Amin buna məhəl qoymur. Bəlkə də məhəl qoyacaq halı yoxdur. Və anasının qəbri üzərində can verir.

Amin sülh haqqında romanı yaza bilmir. Ancaq müəllifə görə, o, bunu bacarmışdı. Öz qanıyla, həyat yoluyla Amin bu romanı yazmışdı. “Müharibə Aminin cəsədi ilə böyük bir əsər yaratmışdı. “Qansız müharibə” əsərini… Aminin yazmağa çalışdığı əsərdən qat-qat güclü bir əsər… Müharibədən yeganə “qazancı” olan bir cüt qoltuqağacı cəsəddən bir metr aralı düşmüşdü. Onlar “Qansız müharibə” əsərinin nida işarələrinə oxşayırdı”, – deyir müəllif.

Məmməd Qədirin redaktorluğuyla çıxan kitab ilk baxışdan bir qədər çətin oxunsa da hadisələrin inkişafı oxucunu ardınca çəkə bilir. Səhifələr çevrildikcə oxucu bu kitabı bir an öncə oxumaq istəyir. Çox sentimental faciə romanıdır “Qaratoyuq nəğməsi”. Düzdür, tənqidi yanaşma üçün də əsaslar yox deyil. Lakin bir müharibənin insanlıq faciəsi olaraq təsvir edilməsi baxımından bu kitabı oxuculara tövsiyə edərdim.

Qaynaq: AzerHasret.com

Oxunma sayı: 184

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir